Son günlərdə istər Azərbaycan, istərsə də Ermənistan siyasi arenasında və ictimaiyyət arasında Qarabağda hərbi əməliyyatların start götürəcəyi ilə bağlı müzakirələr aparılır.
Belə ki, martın əvvəllərində artan gərginlik, eyni zamanda Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərində hökm sürən sosial-iqtisadi böhran səbəbindən bu iddialar daha da artmağa davam edir.
Azərbaycanlı siyasi şərhçilər və hərbi ekspertlərin mütləq əksəriyyəti isə Qarabağda antiterror əməliyyatlarına start verilməsinin artıq zərurətə çevrildiyi qənaətindədirlər.
Bu zərurəti doğuran səbəblər kimi isə, əsasən bu faktorlar ön plana çıxarılır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər? – Deputat 10 noyabr razılaşmasının icrasına ÇAĞIRDI
1. 10 noyabr bəyanatının hələ də tam şəkildə icra olunmaması. Xüsusilə də, 4-cü bəndə öz əksini tapan erməni silahlılarının Rusiya kontingentinin yerləşdirilməsinə paralel olaraq bölgədən çəkilməsi müddəası hələ də öz həllini gözləyir. İmzalanmasıdan il yarıma yaxın müddət keçməsinə rəğmən Ermənistan iqtidari məsuliyyəti öz üzərindən atmaqla “Dağlıq Qarabağ”ı Azərbaycanın daxilində (bəzən də müstəqil) muxtar qurum kimi təqdim etməyə çalışır. Azərbaycan ərazisində bu cür muxtar qurumun olmadığını nəzərə aldıqda isə, rəsmi Bakı separatçı meyilləri aradan qaldırmaq hüququnu özündə saxlayır.
2. Ermənistanda revanşist meyillərin artması. Erməni siyasətçilərin də açıqlamalarından göründüyü kimi, Ermənistanın ərazi iddiaları hələ də bitməyib. Onlar mütəmadi olaraq “Artsaxın müdafiəsi”, “Yeni ordu quruculuğu” kimi tezislərlə çıxış edirlər. Erməni xislətinə yaxından bələd olduğumuz üçün söyləyə bilərik ki, Ermənistan əlinə fürsət düşdüyü halda bu revanşist duyğularını hərbi təhdidə çevriməkdən geri durmayacaq. Buna görə də, ilanın başını kiçikkən əzmək daha məntiqli variant kimi qarşımıza çıxır.
3. Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə erməni separatçılarının və terrorçu ünsürlərin varlığını dinc yolla davam etdirmədikləri də məlumdur. Onlar vaxtaşırı olaraq atəşkəsi pozaraq, hərbçilərimizi və dinc sakinləri hədəf almaqdan çəkinmirlər. Rusiya hərbi kontingentinin isə bu addımlar qarşısında əməli tədbirlər gördüyünə şahid olmamışıq. Əgər sülhməramlılar terrorla mübarizə aparmaqda acizdirlərsə, o zaman Azərbaycan niyə öz ərazilərində antiterror əməliyyatlarına başlamasın?
4. Diqqət çəkən bir digər məqamsa, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra seprataçıların qalıqlarının mütəmadi atəşkəsi pozmağa start vermələri ilə bağlıdır. Görünür, bütün dünyanın diqqəti Ukraynada olduğu bir vaxtda separatçı qurum silaha əl atmaqla hər hansı dividendlər qazanmaq xülyasına düşmüşdü. Bu eyforiya qondarma qurum rəsmilərinin açıqlamalarında da sezilirdi. Lakin ordumuzun gördüyü sərt cavab tədbirləri, bir müddətdir ki, onların səslərini kəsmək üçün yetərli olub. Buna rəğmən heç kim zəmanət verə bilməz ki, oxşar addımlara təkrarən yol verilməyəcək.
Ona görə də, Ukraynanın öz ərazi bütövlüyü uğrunda apardığı müharibəyə paralel olaraq, Azərbaycan da oxşar addımı ata bilər.
Doğrudur, ikili standartlar hər zaman Azərbaycana qarşı mövqedə özünü mənfi mənada nümayiş etdirib, lakin o da həqiqətdir ki, tarix qalibləri mühakimə etmir.
Mümkün hərbi əməliyyatlarda isə qalibin kim olacağı əvvəlcədən bəllidir.
Murad Əhmədov, Bizim.Media