Azərbaycanda Novruz bayramıdır – Xalqımız 2-ci ildir Qələbə sevinci ilə qeyd edir

Hazırda oxunan: Azərbaycanda Novruz bayramıdır – Xalqımız 2-ci ildir Qələbə sevinci ilə qeyd edir

65713

Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu ikinci ildir Qələbə sevinci ilə qeyd edir.

Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur.

Bizim.Media xəbər verir ki, bu il Azərbaycana yaz fəsli martın 20-də, Bakı vaxtı ilə saat 19:33:23-də qədəm qoyacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.

Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər qədimdir. Elmdə Novruzun mənşəyinə dair iki fikir mövcuddur.

Birinciyə əsasən, Novruz türklərin ən qədim təbiət bayramı hesab olunur. Çin mənbələrində hunların martın 21-də bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri olub.

Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ayini təsvir olunub. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə əlaqələndirilir.

İkinci istiqamət əsasən İran əfsanələrindən törəyən mərasimlər toplusudur. XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində “Novruz”dan bəhs edilir. Farslarda məhz bu zamandan sonrakı çağlara aid ədəbiyyatlarda ondan geniş danışılır.

Novruz bayramı Əhəmənilər dövründə eramızdan əvvəl 350-ci ildən qeyd olunsa da, tarixi kökləri zərdüştlükdən əvvələ gedib çıxır.

Bayramın bütün əlamətləri — tonqal qalamaq, səməni cücərtmək, Kosa-keçi tamaşaları, günəşi çağırış, qodu ilə qapıları döymək, umu-küsülüyə son qoymaq, dünyadan köçmüşləri yad etmək, yumurta boyamaq, yumurta döyüşdürmək, yeddi növ nemətdən xonça hazırlamaq, evdə, həyət-bacada təmizlik işləri görmək, ocaqda qazan qaynatmaq, papaq atmaq, bacadan xurcun sallamaq, ocağın başına toplaşmaq, qulaq falına çıxmaq təbiət-insan qarşılaşmasının rituallaşması və bayramlaşmasıdır.

Novruz gününə aparan yol dörd mərhələdən – çərşənbədən keçir.

Bunlar Su, Od, Yel və Torpaq çərşənbələridir. Həmin günlərdə, eləcə də bayram günündə hava qaralana yaxın tonqal qalanır, hər kəs onun üzərindən tullanır və söyləyir: “Ağırlığım, uğurluğum burada qalsın”, “Dərdim, bəlam odda yansın”.

Bu bayramın tarixindən bəhs edərkən miflərin rituallaşmasını qeyd etmək yerinə düşər. Kosa-keçi mifi xüsusi anlam kəsb edir. Qədimdə insanlar hər şeyi kortəbii şəkildə təbiətdən hazır şəkildə götürürdü.

Onlar yaz, yay, payız aylarının səmərəsini görür, qışın isə hər şeyi dondurub yoxa çıxardığı qənaətinə gəlirdilər.

Deməli, qədim insanların təsəvvüründə qış təbiəti yoxsullaşdırdığı, kosalaşdırdığı üçün düşmən idi. Məhz təbiətin fəlakətlərindən xilas yolları axtarmaları onları rituallara gətirib çıxarıb.

Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var.

Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib:

“Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir.

Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin