“Biz su ehtiyatları məhdud olan ölkələrdənik. Ölkəmizin 70 faizdən çox su ehtiyatı xaricdən əldə edilir. Bu, özü istənilən halda bizə təhlükə yaradan amillərdəndir. Buna görə biz su ehtiyatlarının qorunmasını ciddi təmin etməliyik”.
Bizim.Media xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında Kənd Təsərrüfatı Nazirliyinin (KTN) şöbə müdiri Firudin Tağıyev deyib.
O bildirib ki, Azərbaycanda kənd təsərrüfatı torpaqlarının 90 faizi suvarılır:
“Biz məhsulun 90 faizini suvarılan torpaqdan əldə edirik ki, bu da təxminən 1,5 milyon hektar sahə deməkdir. Bu gün ən böyük problem mövcud suyun sahələrə çatdırılmasındakı itkilərdir. Ölkə üzrə 52 min kilometri əhatə edən su kanallarının 70-75 faizi torpaq kanallardır. Suyun torpaq kanallar vasitəsilə çatdırılması zamanı təbii olaraq suyun 30-40 faizi itkiyə gedir. Kənd təsərrüfatına iki istiqamətdə ziyan dəyir. Birincisi, kanallarda filtrasiya olunmuş su kanal ətrafındakı torpaqların sıradan çıxmasına səbəb olur. İkincisi isə, sahələrə suyun az çatmasıdır”.
O qeyd edib ki, bu günə qədər su bol olub və fermerlər mütərəqqi suvarma sistemlərinə maraqlı olmayıblar:
“Ölkəmizdə “su qiymətinə” ifadəsi əbəs yerə yaranmayıb. Ölkədə kənd təsərrüfatında istifadə edilən 1000 ton su 0,50 qəpikdir. İçməli su ilə müqayisə etsək, mağazada satılan 1 butulka suyun qiymətinə bərabərdir. Fermerlər özləri də su azlığından əziyyət çəkir. Son dövrlər artıq fermerlər kütləvi formada müasir suvarma sistemlərinə maraq göstərirlər. Bu suvarma sistemləri isə 1 hektarda 2-2,5 dəfə su qıtlığının qarşısını ala bilir.
Lakin bir məsələ var ki, müasir suvarma sistemlərinə keçid etmək üçün fermerə təxminən 3-4 min manat investisiya lazımdır. Bunun 40 faizi dövlət tərəfindən qarşılanır, qalan hissəsi isə uzunmüddətli kreditlə əldə edilə bilir. Bu sistemlərin tətbiqi su qıtlığının nisbətən olsa da qarşısının alınmasına kömək edir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:16 / 18.03.2022
Nazirlik rəsmisindən HƏYƏCAN TƏBİLİ - Suyun 30-40 faizi itkiyə gedir
Hazırda oxunan: Nazirlik rəsmisindən HƏYƏCAN TƏBİLİ - Suyun 30-40 faizi itkiyə gedir
Hazırda oxunan: Nazirlik rəsmisindən HƏYƏCAN TƏBİLİ - Suyun 30-40 faizi itkiyə gedir
65474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.