Özəl mühafizə sahəsindəki PROBLEMLƏR – Qanunda hansı dəyişikliklərə ehtiyac var? 

Hazırda oxunan: Özəl mühafizə sahəsindəki PROBLEMLƏR – Qanunda hansı dəyişikliklərə ehtiyac var? 

65320

Ölkəmizdə nəzarətinə xüsusi ehtiyac olan sahələrdən biri də mühafizə xidmətidir. Təəssüf ki, ciddi peşəkarlıq tələb edən bu sahədə ciddi çatışmazlıqlar mövcuddur. 

Belə ki, keyfiyyətli özəl mühafizə xidməti təklif edən az sayda şirkətin varlığına rəğmən, əksər hallarda bu vəzifə ayrı-ayrı şəxslər tərəfindən icra olunur. Ələxsus da, mühafizəçilik iş tapmaqda çətinliklə üzləşən və hərbi xidmətini başa vurmuş gənc oğlanların ilk seçimlərindən biri kimi qəbul olunur. Lakin bütün problemlər fərdi mühafizəçiliklə məşğul olan şəxslərlə bağlı deyil. Eyni zamanda bu sahə ilə məşğul olan özəl şirkətlərin fəaliyyətlərində də bir sıra nöqsanlar mövcuddur. 

Doğrudur, Azərbaycanda 2007-ci ilin aprelində Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanun qəbul olunub. Bu qanuna sonrakı dövrlərdə bir neçə dəyişiklik də edilib. Lakin qanunun mətni ilə tanış olarkən müəyyən çatışmazlıqların olduğu diqqətdən yayınmayıb. 

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən hüquqşünas Namizəd Səfərov bir sıra qanunlarda olduğu kimi, Özəl mühafizə haqqında qanun layihəsində də ciddi boşluqların olduğunu qeyd edib.

Hüquqşünas ilk növbədə mühafizəçilərin geyim forması ilə bağlı problemli məqamlara diqqət çəkib:

“Qanunda qeyd olunub ki, özəl şirkətlərdə çalışan mühafizəçilərin geyim formaları hüquq-mühafizə orqanları əməkdaşlarının formalarından seçilməlidir. Bizdə polis, prokurorluq, fövqəladə hallar nazirliyinin əməkdaşlarının xüsusi geyim formaların əksəriyyəti eyni rəngdə olur. Əsas fərqlənmə isə məhz rənglər vasitəsilə müəyyənləşir. Sadəcə olaraq, nişanlar fərqli olmalıdır.

Məsələn polis əməkdaşlarının formalarında bu fərqlənmə aydın şəkildə öz əksini tapıb. O cümlədən özəl mühafizəçilərin də formalarında oxşar fərqləndirici məqamlar olmalıdır. Lakin əksər hallarda təcrübədə bu cür məqamlar diqqətə alınmır”. 

Namizəd Səfərov qanunda mühafizəçilərin “xüsusi vasitələr”dən istifadə etməsinə icazə verilməsi ilə bağlı məqamların da aydınlaşdırılmasına ehtiyac olduğunu vurğulayıb: 

“Xüsusi vasitələr dedikdə nələrin nəzərdə tutulduğu (odlu silahlar, gözyaşardıcı qaz, rezin dəynək və s.) mütləq qeyd olunmalıdır. Xüsusi mühafizə, xüsusi müdafiə kimi ifadələrdən istifadə olunması vacibdir. Yəqin ki, bu müddəada mühafizəçilərin silah daşımasına  icazə verildiyinə işarə olunub. Lakin qanunun özündə birmənalı şəkildə hansı silahlardan bəhs olunduğu göstərilməli idi. Eyni zamanda sözügedən xüsusi vasitələrin müvafiq icra hakimiyyətləri ilə razılaşdırılması da doğru yanaşma deyil. Bu cür məsələni icra hakimiyyəti strukturlarının üzərinə atmaq olmaz. Qanunda aydın şəkildə hansı silahlardan istifadəyə icazə verildiyi öz əksini tapmalıdır”.

Hüquqşünas aydınlaşdırılmasına ehtiyac olan digər məqam kimi fiziki güc tətbiqi zamanı müfaviq icra hakimiyyəti orqanına məlumat verilməsi məsələsinin də qeyri-müəyyən olduğunu diqqətə çatdırıb.

Namizəd Səfərovun sözlərinə görə, bu cür hallar baş verdikdə ilk növbədə polis əməkdaşlarına məlumat verilməsi vacibdir.

Görünən qədərilə, Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunda nəzərə çarpan bəzi boşluqlar, normativ-hüquqi akta yenidən baxılmasına və müəyyən məqamların aydınlaşdırılmasına zərurət yaradıb.

Mövzunu davam etdirəcəyik.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin