Göyçay Rayon İcra Hakimiyyətinin daha iki vəzifəlisi DİNDİRİLDİ

Hazırda oxunan: Göyçay Rayon İcra Hakimiyyətinin daha iki vəzifəlisi DİNDİRİLDİ

64931

Bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır. Ötən gün Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Vahid İsayevdən sonra daha iki səlahiyyətli şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən dindirilib.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda icra başçısının köməkçisi saxlanıldı - FOTO


Belə ki, Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov, eləcə də Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürovun ifadələri alınıb. 

Məsələni Baş Prokurorluqla dəqiqləşdirmək cəhdimiz baş tutmasa da,  adlarıçəkilən şəxslərlə əlaqə yarada bildik. 

Saytımıza açıqlamasında Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürov sözügedən idarədə dindirildiyini təsdiqləyib:


“Hamını dəvət ediblər. Eləcə də mən çağırılmışam. Müəyyən suallar olub, cavab verib gəlmişik. Hal-hazırda öz işimin başındayam”, - deyə o, qeyd edib. 

Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov isə həmkarından fərqli olaraq idarəyə çağırılmadığını bildirib:


“Xeyr, mən dindirilməmişəm. Mən başçının müavini filan deyiləm, bələdiyyə sədriyəm, niyə dindirilim ki?”

Məlumat üçün bildirək ki, “Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı Cavid Rəhimov barəsində 2020-ci ildə Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Prezident İlham Əliyevin sərəncamı ilə fevralın 28-də işdən çıxarılıb. O, 2016-cı il iyunun 10-da bu vəzifəyə təyin olunmuşdu. 


İddialara görə Mehdi Səlimzadə Göyçay rayonuna icra başçısı təyin olunandan sonra fermerlərə, bələdiyyələrə məxsus torpaq sahələrinə əl qoyub. Həmçinin, Göyçay rayonunda torpaqların suvarılması üçün sovet dönəmində tətbiq edilmiş 500.000 metrdən çox çürüməyən qiymətli metaldan düzəldilmiş boruları torpağın altından çıxartdırıb satmaqda ittiham olunur. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin