Tərəvəzlər qidamızın mühüm hissəsini təşkil etməlidir. Sağlamlıq biliciləri bu fikirdədir ki, tərəfəzlər meyvələrdən fərqli olaraq orqanizmin təmizlənməsinə xidmət edir. Meyvələr isə bəsləyicidir. Onlardakı vitaminlər bədənə güc verir. Amma tərəvəzlərdəki maddələr əsasən orqanizimin özünü sağlam tutmasına və arındırıcılıq xüsusiyyətinə malikdir.
Ona görə də tərəvəzləri hansı qayda ilə bişirməliyik ki, qida dəyərini və rəngini dəyişməsin?
"Təzə meyvə və tərəvəzlərin, günəşdən aldığı enerji səbəbiylə qida dəyərləri çox zəngin olur. Bişirildikdə isə günəşdən aldığı enerjini itirər, həmçinin struktur dəyişikliyə məruz qalaraq su itkisi meydana gələr və minerallara dönüşməyə başlayar. Buna elmi dildə bişən tərəvəzin torpağa dönməsi də deyilir".
Bu bilgini Bizim.Media-ya açıqlamasında Qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Mağazadan vaxtı keçmiş məhsul alanlar nə etməlidir? – Bilmirsinizsə, sizi 1500 manat CƏRİMƏ GÖZLƏYİR
Onun sözlərinə görə, çiy tərəvəzlərdən bol istifadə etmək orqanizmə daha faydalıdır:
"Bişirilərkən suyunu itirən tərəvəzin həcmi azalar, mineral tərkibi artar. Nəticə etibarı ilə minerallar vücudda ağır qalıqlar əmələ gətirir və bu qalıqlar əzələlər arasında, toxumalarda, damarlarda toplanaraq onları sərtləşdirir. Bu səbəblə çiy tərəvəzlərdən bol, bişmiş tərəvəzlərdən isə az miqdarda istehlak etmək daha məqsədəyğundur".
Amma bəzi tərəvəzlər var ki, onları çiy yemək vərdişimiz yoxdur. Ona görə, mütəxəssis tərəvəzlərin faydalı qalması üçün düzgün bişirilmə texnologiyasını da açıqlayıb:
"Çıxış yolu, tərəvəzləri "Blanch" texnologiyası ilə bişirməkdir. Bu texnologiya bişən tərəvəzlərin rəngini, qida dəyərini və görünüşünü qorumaq məqsədi daşıyır. "Blanch" texnologiyası fransızcada ağartmaq anlamına gəlir, eyni zamanda fransız dilində məhsulların isti suda möhürlənməsinə də blanch deyilir. "Blanch" texnologiyası zamanı tərəvəzlər qaynar suya əlavə olunur və biraz qaldıqda səthləri möhürlənir. Daha sonra tərəvəzlər qaynar suda möhürlənib, əvvəlcədən hazırlanmış buzlu suya qoyulur.
Beləliklə vitamin və mineral itkisinin qarşısı alınır. Bu texnologiya tərəvəzlərin rənginin canlı qalmasını və qida dəyərinin dəyişməməsini təmin edilir. Bir sözlə, tərəvəzin rəngini, vitaminlərini və qida dəyərini qorumaq üçün bu texnologiya vacibdir".
Ondan başqa qədim türk mətbəxində tərəvəzlərin xaşlaması deyilən bir anlam da var. Eynən ət məhsullarında olduğu kimi, tərəvəzləri də yüngül qaydada bişirməklə qida rasiyonuna daxil etmək olar və bu orqanizim üçün çox vacibdir.
Səkinə Yusibli, Bizim.Media