Son illər “Ukrayna məhsulları" ticarət şəbəkəsi Azərbaycanda əsl vizit kartına çevrilib. Bu brend Azərbaycanda çox məhşurdur. Üstəlik bir çox ət və kolbasa məhsullarının istehsalında Ukrayna bazarına müraciət olunaraq xammalından istifadə olunur.
Amma son 15 gündə Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlardan dolayı sözügedən ölkədə demək olar ki, bütün istehsal sahələrinin fəaliyyəti dayanıb. Proses Azərbaycandan da yan keçməyib və Ukraynadan idxal məhsullarının ardı gəlmir.
Qeyd edək ki, Azərbaycanda xeyli sayda adını "halal” qoyan şirkətlər var ki, məhsulu haradan gətirdiklərindən tutmuş, kolbasanın tərkibindəki inqridentlərə qədər bir çox şeyi gizli saxlayırlar.
Bizim.Media-nın araşdırmasına görə halal adı ilə tanınan bir çox kolbasa məmulatlarının əti əslində Ukraynadan gətirilir və burada qablaşdırılır.
MÖVZU İLƏ BAĞLI:
Kolbasa bazarında SAXTA AD – İstehlakçılara ÇAĞIRIŞ
Xüsusilə, "Hicaz" MMC-nin kolbasa və ət məhsullarının xammalı (ət) Azərbaycana Ukraynanın “Нововолынский мясокомбинат”dan idxal olunur. İstehsal prosesi isə Abşeron rayonunun Məmmədli kəndində aparılır.
Məsələ ilə bağlı “Hicaz” MMC ilə əlaqə yaratdıq. Rəhbər şəxslərlə danışmaq cəhdimiz baş tutmasa da, şirkət rəsmilərindən biri həqiqətən də “Hicaz” məhsullarının xammalının Ukraynadan gətirildiyini təsdiqlədi.
Amma hazırda istehsalda çətinlik olmadığını dilə gətirdi:
“Bəli ət Ukraynanın “Нововолынский мясокомбинат”dan gətirilir. Hələki müharibə yeni başlayıb. Yəqin ki, bundan sonra çətinlik yaranacaq. O zaman isə yerli bazara müraciət edəcəyik”, - deyə şirkət işçisi qeyd edib.
Alçina Amilqızı, Bizim.Media