2022-ci il üçün nəzərdə tutulan avtobusların müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməsi daha 3 il təxirə salınıb.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblərə edilən dəyişiklik “2022-ci” sözlərinin “2025-ci” sözləri ilə əvəz edilməsində öz əksini tapıb.
Məsələnin ictimaiyyət üçün bir qədər də aydın olması üçün BNA-nın mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. Sözçünün söyləməsinə görə, sıxılmış təbii qaz və elektrik mühərriki tələb edən avtonəqliyyat üzrə heç bir çatışmazlıq yoxdur.
MÖVZU İLƏ BAĞLI:
Ötən il Bakıda avtobuslarla nə qədər sərnişin daşınıb? – RƏSMİ
“Dövlətin əsas məqsədi vətəndaşlara göstərilən xidmətin keyfiyyətin artırmaqdır. Bunun üçün də zəruri olan faktorlar var. Onlardan biri də avtobus parkının yenilənməsi, yeni avtobusların gətirilməsidir. Bu məsələnin 2025-ci ilə qədər ertələnməsi daşıyıcılara əlavə bir fürsət yaradır ki, avtobus parkını yeniləsinlər. Çünki elektrik mühərrikli avtobusların gətirilməsi ilə iş bitmir. Burada əsas məsələlərdən biri də bu cür avtobusları Bakıya gətirdikdən sonra onlara texniki qulluğun göstərilməsi, onların yanacaq təminatı ilə bağlı infrastrukturun qurulmasıdır”.
Mais Ağayev həmçinin istismarda olan avtobusların 67%-nin sıxılmış təbii qazla təchiz olunduğunu da qeyd edib.
“Sıxılmış təbii qaz mühərrikli avtobusların əksəriyyəti BakuBus-ın, Bakı Nəqliyyat agentliyinin balansında olan avtobuslardır. Onların da yanacaqla təminatını Depo-1, Depo-2 ərazisindəki avtoqarajlarda fəaliyyət göstərən təbii qazla işləyən yanacaq doldurma məntəqələri həyata keçirir”.
BNA rəsmisi ertələnmənin əsl mahiyyətini belə izah edib.
“Özəl daşıyıcılar da bu cür avtobuslar gətirirlər, amma onların da qarajlarında bu infrastruktur yaradılmalıdır. Ona görə bu infrastrukturun yaradılması avtobusların yenilənməsinə təsir etməsin deyə belə bir müvafiq qərar qəbul olunub”.
Mia Quliyeva, Bizim.Media