“Dövlətin dini və milli mənafeyini “seyidlik” adı altında satanlar zərərsizləşdirilməlidir. Çox gecikirik. Azərbaycanın aidiyyəti orqanları bu cür “seyid”lərin ifşası prosesinə start verməli və xüsusilə Dövlət Təhlükəsizlik xidməti ilə Daxili işlər Nazirliyi bu məsələnin üzərinə getməlidir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Cəmal Əzimbəyli əhli-beyt mənsublarının hüquqi əsaslarla tanınması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə seyidlik vəsiqəsinə nə ehtiyac var, nə də bu kağız parçası hansısa önəm daşıyır:
MÖVZU İLƏ BAĞLI:
11 ildir saxta seyidliklə evini məscidə çevirən Mircəfər Seyidzadə KİMDİR? – DƏHŞƏTLİ HƏQİQƏTLƏR
“Mən də şəcərəsi bəlli bir əhli-beyt mənsubuyam. Əsrlərdən gələn soyumuz hər zaman vətənin ağrılı günlərində, eləcə də milli-mənəvi dəyərlərimizin xalqa, topluma aşılanmasına öncəllik edib. Amma onunla deyil, öz ailəmlə, davranışımla, əxlaqi dəyərlərin insanlığa aşılanması ilə qürur duyuram. Vəsiqə məsələsini qətiyyətlə rədd edirəm. Əksinə bəlkə də ilk dəfə mən tələb etməliyəm ki, həqiqi şəcərəli əhli-beyt mənsubları hüquqi əsaslarla tanınsın. Amma inanın ki, kimlərsə hansısa yollarla bu vəsiqəni əldə edəcəklər. Kimsə deyirsə ki, mən seyidəm, məhz onlar vətənin dar günündə Azərbaycanın dövlət maraqlarına xidmət etmir, haqlı savaşımızın yanında olmayan ölkələri dəstəkləyir. Bu, çox ciddi problemdir”.
Cəmal Əzimbəylinin sözlərinə görə Azərbaycanda sevgili Peyğəmbərimizə bağlı şəcərəli əhli-beyit mənsublarının sayı həddindən artıq azdır:
“Şəxs hansısa əyalətdən Bakıya gəlir və insanlara özünü seyid kimi təqdim edir. Azərbaycanda imanı, etiqadı, dini və milli kimliyi bəlli olmayan adamlar cəmiyyətin, toplumun, Peyğəmbər nəslinə etdiyi hörmətdən “istifadə” edərək, seyidlik adı altında öz biznes şəbəkələrini qurublar. Məmurlar belə onlara xidmət göstərirlər. Seyid dedikdə gözümüzün önünə dərhal Seyid Mübariz İbrahimov gəlməlidir. Necə ki, vəsiyyətində və məzar daşında qeyd edib: “Mən bir Seyid nəvəsi olaraq bunu etməliyəm.
Yaxud, niyə seyid deyəndə Seyid Cəmalı tanımırlar? Amma haradasa din adına iddia edən, əslində isə dinə zərrə qədər aidiyyəti olmayan bir şəxsi seyid kimi tanıyırlar.
Hansı məmur deyə bilər ki, Seyid Cəmala 10 min manat pul vermişəm. Amma elə iş adamları və məmurlar var ki, Peyğəmbər nəslinə aidiyyəti olmayan, “seyid”lərə ev və maşın alırlar. Deyirlər bu, yaxşı baxıcıdır. Allahın lənət etdiyi əməl sahibini himayə edirlər. Hesab edirəm ki, bu, milli təhlükəsizliyimizin təminatı qədər vacibdir”, -deyə müsahibimiz əlavə edib.
Qeyd edək ki, Məhəmməd Peyğəmbərin (s.ə.s) nəslindən olan müsəlmanlara seyid deyilir.
Alçina Amilqızı, Bizim.Media