Son illər nəşr olunan ibtidai sinif dərslikləri nə valideynləri, nə də müəllimləri qane edir. Onların sözlərinə görə, həmin kitablarda yer alan çalışma və tapşırıqlardakı səhvlər saymaqla bitmir.
Həmçinin materialların çətinliyi uşaqlarda dərsin məzmununu anlamaqda çətinlik yaradır. Bu isə həm elmə yeni yiyələnən şagirdləri, həm də müəllimləri çıxılmaz vəziyyətdə qoyur.
Elə buna misal olaraq sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən 1-ci sinif dərsliyindəki çalışmanı qeyd edə bilərik. Uşaqların məntiqi təfəkkürünü inkişaf etdirmək üçün nəzərdə tutulan çalışmada Qarabağ sözü absurd şəkildə təsvir olunur. Belə ki, xüsusi ismin birinci hissəsi qara rənglə, bağ sözü isə ayaqqabı bağı ilə təsvir edilib. Bu da görənlər tərəfindən birmənalı qarşılanmayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın ən biabırçı məktəbi
“Təhsil işçisi olaraq utandım bu tapşırığa görə. Hansı bacarıq, dəyər formalaşdırılacaq bu tapşırıq vasitəsilə uşaqda?”-, deyə qeyd edən İlahə Fazilova çalışmanı uğursuz hesab edib.
Fikrini bildirən digər şəxs isə Qarabağ adının bu cür izahla şagirdlərə öyrədilməsini hörmətsizlik adlandırıb:
“Qarabağın adına hörmətsizlikdir bu. Ayaqqabı bağı...yox bir kabluk... Xarıbülbül, Cıdır düzü təsvir olunmalı idi burada”.
Təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya açıqlamasında kurikulum sistemini tənqid edərək dərs materiallarının çətinliyini diqqətə çəkib:
“2008-ci ildən etibarən Azərbaycan orta ümumtəhsil məktəblərində tədris prosesi kurikulum standartları ilə qurulmağa başlayıb. Kurikulum təəssüflər olsun ki, Azərbaycan dərsliklərində və təhsilində reallaşa bilməyib. Biz elə düşünürük ki, ən yaxşı dərslik ağır dərslikdi. Bu yaxınlarda Türkiyədən gəlmiş ekspertin təlimində iştikar etdim.
O, bizim üçün dərsliklərdəki informasiya hesablama qaydalarını öyrətdi. 4-5-ci siniflər üçün olan dərsliklərin bir səhifəsində olan informasiyaları hesabladıq. Nəticədə bizim 4-cü siniflər üçün hazırlanan kitablarımız dünya standartlarına görə 28-29 yaşlı insanların informasiya götürmə yükünə bərabər çıxdı. Dərsliklərimizin informasiya yükü şagirdlərimizin yaşına və psixologiyasına uyğun deyil. Bü gün Azərbaycanda dərsliklər təhsilə yox, repetitorluğa xidmət edir. Bizim dərsliklərimizi müəlliflər ona görə ağırlaşdırır ki, şagirdlərə çətin olsun, valideynlərdə kömək edə bilməsin. Nəticədə valideynlər müəllimlərə müraciət etsinlər”.
Təhsil ekspertinin sözlərinə görə, dərsliklərə nəzarət edən qurum yoxdur. Təhsil Nazirliyi sadəcə sifariş verir və dövlətin standartlarına cavab verən dərsliklər yazılmasını tələb edir:
“Həmin o standart reallaşmasa belə, nazirliyin elan etdiyi tenderə bir neçə müəllif daxil olur. Dövlətin müəyyən etdiyi qiymətləndirmə balını (100) keçən müəllif qalib hesab olunur. Yəni, pislərin içərisindən biraz yaxşısını götürüb məktəblərə veririk.
Şagirdlərimiz hədsiz dərəcədə yüklənir. Əvvəlki illərlə müqayisə etsək, bu gün 1, 2, 3-cü siniflərin informasiya yükü əvvəlki illərin 9-10-cu sinifinə uyğun gəlir. Hətta şagirdlər 1-ci sinifdə çətin riyazi və məntiqi tapşırıqları da yerinə yetirməlidirlər.
Dövlətin dəsrlik üzrə müəyyən idarəsi, qurumu olmaldır. Mən özüm də dərslik müəllifiyəm. İki ay müddətinə dərslik yaza bilmərik. Bizə iki ay vaxt verilir. Dünya təhsil sistemində ortaya normal dərslik çıxarmaq üçün 3-4 il vaxt verirlər”.
Kamran Əsədov əlavə olaraq dərsliklərdəki jarqon ifadələr, anlaşılmazlıqlardan danışıb. Onun sözlərinə görə, tapşırıqlar dövlətçilik dəyərlərinə uyğun olmalı və şagirdlərə düzgün şəkildə aşılanmalıdır:
“Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərin bütün siniflərində istifadə olunan dərslik deyil, əzab mənbəyidir. Avropa dərsliklərinə fikir versəniz kitablarının qalın, maraqlı, cürbəcür olduğunu həmçinin əlavə mətnlər, şəkilləri görmüş olarsınız. Dərslik fikir laboratoriyasıdır.
Tapşırıqlarda əlavə göstərişlər olmalı, şagirdə seçim imkanı verməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Müəllim şagirdə inkişaf etmək, dəyişmək dərsi öyrətməlidir. Məqsədi və mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jarqon ifadələr, küçə sözləri işlədilə bilməz.
Bu şagirdlərə çox pis nümunə ola bilər. Kitabda əxlaqsız ifadə, şəkil olması yolverilməzdir və bu xalqa qarşı cinayətdir. Təhsil haqqında qanunda nəzərdə tutulur ki, orta məktəb şəxsiyyət yetişdirir, dərsliklər milli dövlətçilik və dəyərlərə sadiq olan vətəndaşların yetişdirilməsinə xidmət edir, amma reallıq isə bunun əksini göstərir”.
Səkinə Yusibli, Bizim.Media