Son 1 ildə korrupsiya ittihamı ilə həbs olunan MƏMURLAR – Növbəti kim olacaq?

Hazırda oxunan: Son 1 ildə korrupsiya ittihamı ilə həbs olunan MƏMURLAR – Növbəti kim olacaq?

64091

Nazirlər Kabinetinin 2021-ci il üçün olan hesabatında 73 vəzifəli şəxsin korrupsiya ittihamı ilə həbs olunduğu qeyd olunub.

Bizim.Media-nın araşdırması nəticəsində onlardan bəzirlərinin yüksək vəzifəli məmurlar olduğu diqqətdən yayınmayıb.

Həmin şəxslərdən bəzilərini təqdim edirik:

1. Səlim Müslümov

Ötən ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov cəzaçəkmə müəssisəndə həyatına davam edir.

2. Əhməd Əhmədov

Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinir.

3. Məmməd Qəribov

Naxçıvan MR-in sabiq təhsil naziri Məmməd Qəribov da Əhməd Əhmədov kimi külli miqdarda mənimsəmə ittihamı ilə saxlanılıb. Lakin daxili işlər nazirindən fəqli olaraq Məmməd Qəribova şərti cəza verilib və o, azadlığa buraxılıb.

4. Vidadi Muradov

“Azərxalça” ASC-nin idarə heyətinin sabiq sədri Vidadi Muradov da ötən il həbs olunan məmurlar sırasındadır. Belə ki, qurum rəhbəri külli miqdarda mənimsəmə ittihamı ilə ötən ilin yanvarında azadlıqdan məhrum edilib. Lakin noyabrın 1-də müalicə üçün azadlığa buraxılan Muradov cəmi 4 gün sonra onkoloji xəstəlikdən dünyasını dəyişib. 3,5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinən Viradi Muradovun 30 milyon dəyərində əmlakına da həbs qoyulub.

5. Vüqar Səfərli

KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “KİVDF” işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.

6. Rəfael Cəbrayılov

Ötən ilin mayında dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs olunan sabiq deputat ümumilikdə 2,6 milyon manat vəsaiti qanunsuz yolla ələ keçirməkdə şübhəli bilinir. Sabiq deputatın işi üzrə məhkəmə prosesi davam edir.

7. Rasim Quliyev

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev də ötən ilin dekabrında 3 il müddətinə azadlıqdan məhrum edilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən barəsində cinayət işi açılan Rasim Quliyev vəzifə səlahiyyətlərindən sui istifadə ittihamı ilə həbs olunub.

8. Ceyhun Cəfərov

2021-ci ilin oktyabrında 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da külli miqdarda mənimsəmə, rüşvət alma və təkrar rüşvət alma maddələri ilə təqsidləndirilib.

9. Qoca Səmədov

2021-ci ilin sentyabrında 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da külli miqdarda mənimsəmə, rüşvət alma və rüşvət vermə maddələri ilə təqsidləndirilib. 

10. İsmayıl Vəliyev

Lənkəran Rayon İcra Hakimiyyətinin sabiq sədri İsmayıl Vəliyev də ötən il barəsində həbs qətimkan tədbiri seçilən məmurlar arasındadır. Belə ki, 10 il müddətinə azadlıqdan məhrum edilən sabiq məmur vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqda təqsirli bilinib.
Qeyd edək ki, oxşar həbslər 2022-ci il ərzində də baş verib.

11. Eldar Həsənov

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub.

12. Məharət Musatafayev

Gəncə şəhər Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində rüşvət alma, rüşvət vermə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunaraq, bu ilin yanvarında 4 il müddətinə azadlıqdan məhrum edilib.

13. Zakir Soltanov

Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 il həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Zakir Soltanov külli miqdarda mənimsəmədə ittiham olunub və o, məhkəmə qərarı ilə 5,3 milyon manat vəsaiti zərərçəkmişə geri ödəyib.

14. Nizami Məmmədov

Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin  Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə  4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov və nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev də saxlanılanlar arasındadır. 

Bundan əlavə, Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadə martın ilk günlərində vəzifəsindən azad edildikdən sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində yoxlamalar başladılıb. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin