"Le Monde" Kəlbəcərdə törədilən erməni vəhşiliklərindən yazdı - FOTO 

Hazırda oxunan: "Le Monde" Kəlbəcərdə törədilən erməni vəhşiliklərindən yazdı - FOTO 

6398

Fransanın “Le Monde” qəzetində Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonu haqqında məqalə dərc edilib. Məqalədə Ermənistanın işğal altında saxladığı 30 ilə yaxın müddətdə Kəlbəcərdə törətdiyi dağıntılardan bəhs olunur.

Bizim.Media bildirir ki, müəllif Pol Tavinyon məqalədə Kəlbəcər sakinlərinin fikirlərinə yer verərək bildirir ki, hazırda bu insanlar iki ziddiyyətli duyğu yaşayırlar. Bir tərəfdən onlar azad edilmiş rayonlarına qayıtmaq üçün çox sevinirlər, digər tərəfdən isə ermənilərin 30 ilə yaxın işğal müddətdə törətdikləri dağıntıları, geridə qoyduqları xarabalıqları görəndə qəzəblənirlər. Bununla yanaşı, onlar hər şeyin yaxşı olacağına inanırlar.

Kəlbəcərin tamamilə darmadağın edildiyi diqqətə çatdırılan məqalədə qeyd edilir ki, yolboyu Azərbaycan kəndlərinin xarabalıqları, eləcə də ermənilərin buraları tərk edərkən yandırdıqları damsız evləri görmək olar. Yol boyunca dağıdılmış, partladılmış elektrik stansiyaları da görünür. Bəzi körpülər də tamamilə dağıdılıb.

Jurnalist Kəlbəcər sakininə istinadla yazır ki, Azərbaycan ermənilərə Kəlbəcəri tərk etmək üçün 10 gün əlavə vaxt verdi. Onlar isə bu vaxtdan torpaqları yandırmaq, evləri dağıtmaq, əraziləri minalamaq üçün istifadə etdilər. Ancaq 1993-cü ildə ermənilər azərbaycanlılara Kəlbəcəri tərk etmək üçün bir neçə saat vaxt vermişdilər. Həmin vaxt on minlərlə azərbaycanlı bombardmanlar altında Murovdağ vasitəsilə qaçıb canını qurtarmaq məcburiyyətində qaldı. Çoxlu sayda qadın və qoca yollarda soyuqdan öldü.

Jurnalist Kəlbəcər rayonunun işğal altında qaldığı müddətdə tamamilə dağıdıldığını vurğulayır. O yazır ki, burada heç bir tərəqqi əlaməti yoxdur. Xarabalıqlar arasında yenicə yandırılmış evlər nəzərə çarpır.

Qeyd edilir ki, işğal illərində Kəlbəcərdə başqa yerlərdən qeyri-qanuni şəkildə gətirilmiş ermənilər məskunlaşdırılıb.

Müəllif vurğulayır ki, Kəlbəcərə gələn sakinlərdən biri faciəvi şəkildə evlərini tərk edən zaman götürdüyü və 30 ildir saxladığı evinin açarlarını göstərir. Ancaq evin nə pəncərəsi, nə qapısı, nə də damı qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin