3 QHT əqli inkişafdan geri qalmış uşaqları sevindirməyə çalışdı
Nəsimi rayonunda yerləşən sağlamlıq imkanları məhdud olan uşaqların təhsil aldığı 11 saylı xüsusi məktəbdə Beynəlxalq Əlillər Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə "Aşıq Şəmşir" MOİB,"Yeni Həyat" HSDİB, "SAF Həyat Naminə" GİB təşkilatları iştirak ediblər.
Tədbiri çıxış sözü ilə məktəbin direktoru Aynur Hacıyeva açaraq tədbir iştirakçılarını və qonaqları salamlayıb. O, məktəbdə təhsil alan əqli qüsurlu uşaqların cəmiyyətə inteqrasiya olunması ilə bağlı dövlətimiz və eyni zamanda məktəb tərəfindən aparılan işlər barədə məlumat verib. Bundan sonra sözü "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılovaya verib.
N. İsmayılova təşkilat olaraq artıq 10 ilə yaxın bir müddət ərzində məktəblə əməkdaşlıq etdiklərini xüsusilə qeyd edib. O, bundan sonra da məktəblə olan əməkdaşlığın inkişaf etdiriməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxışında məktəbin direktoruna və pedoqoji kollektivinə tədbirin təşkili üçün təşəkkürünü bildirib və İB- in rəhbəri Qənbər Qurbanovun salamlarını çatdırıb.
Daha sonra çıxış edən" Saf Həyat Naminə" Gənclər İctimi Birliyinin sədri Səbinə Abbasova da xüsusi qayğıya ehtiyacı olan uşaq və gəncləri daim diqqətdə saxladıqlarını, həyata keçirdikləri layihələri onların problemlərinin həllinə yönəltdiklərini bildirib.
Tədbir uşaqların mahnı, şeir və rəqsləri ilə davam edib. Sonda uşaqlara hər 3 təşkilat adından hədiyyələr təqdim olunub. Məktəbin direktoru isə hər sözügedən təşkilatlara təşəkkürnamə təqdim edib.





























































































