Atası onu Dərbəndə hərbi təhsil almağa göndərərkən İbrahim xahiş edir ki, dostu Mircəfər də oxumaq istəyir. Qubalı Qaçaq Mayıl oğlunun arzusunu geri çevirmir. Mircəfərin də təhsili üçün varidatından pul ayırıb oğlu ilə bərabər Dərbəndə göndərir. Sonradan Azərbaycan KP MK-nın birinci katibi olan Mircəfər Bağırovun da həyatına beləcə işıq tutmuş olur Qubalı Qaçaq Mayıl.
Qaçaq Mayıl 1862-ci ildə Qubanın Xaşı kəndində anadan olub.
Adı bu günə kimi dillər əzbəri olan Mayıl Zahir oğlu Zahirov ağlı kəsəndən erməni daşnaklarına, çar-rus ordusuna və bolşeviklərə kəskin nifrəti ilə seçilib. O, yadellilərin işğalçılığı, xalqına zorla yeridilən itaətçilik siyasəti ilə barışa bilməyib. Bu səbəbdən dağlara çəkilərək qaçaqçılıq həyatını seçib.
Qaçaq Mayıl Təngə dərəsində əlçatmaz qayalarda məskən salıb, dağlarda mağaralarda gizlənərək öz mübarizəsini davam etdirib.
O, bu mağaradan 20-ci əsrin əvvəllərində milli-azadlıq mübarizəsinə qoşulub, işğalçı-erməni-bolşevik ordusuna qarşı da istifadə edib.
Qaçaq Mayılın mağarasının biri də Təngə dərəsində - Vəlvələ çayın sahilində yerləşir. Bu mağara sahildən 130 metr hündürlükdə sərt qayalıqlar arasındadır. Bura qalxmaq hər kişinin işi deyil.
Bu günlərdə yolumuzu həmin mağaraya saldıq. Yerli sahibkar Gülağa Əliyevin təşəbbüsü ilə artıq bu mağaraya bir qədər asanlaşdırılmış pilləkənli yol çəkilib. Amma qət edilməsi indi də müşküldür.
Bizim.Media olaraq bu məsafəni aşmağa qərar verdik.
Yol boyu Gülağa Əliyev danışır ki, "bu dağlarda Qaçaq Mayılın 3 mağarası olub. Təngəaltı kənd sakinlərindən eşitmişdim ki, gənclər yay aylarında öz tanıdıqları yollarla mağaraya çıxıb düşürlərmiş. Amma çox çətinliklə, hətta ora çıxan insanlardan həlak olanlar da olub. Bundan sonra qərara gəldim ki, 100 ildən çoxdur camaatın qalxa bilmədiyi qayaya yol çəkim. Bu yolu çəkməklə istəmişəm ki, həm insanların təhlükəsizliyini qoruyum, həm də Qubanın Qaçaq Mayılla bağlı keçmişini tanıdım".
Onun sözlərinə görə, Vəlvələ çayın sahilindəki beton səddin yanından mağaraya 6 yerdə nəfəs dərmək üçün dayanacaq olmaqla beton və bir hissəsi də dəmir 250 pilləli yol çəkilib.
Biz də “Ya Allah” deyib Təngə dərəsində 130 metrlik hündürlükdə yerləşən "Qaçaq Mayıl" mağarasına üz tuturuq.
Nəfəs dərmək üçün nəzərdə tutulan dayanacaqlarda qayalığa həkk edilmiş Qaçaq Mayıl haqda tarixi bigilərədə nəzər salırıq:
"Qaçaq Mayılın bütün övladları, nəvələri və nəticələri ziyalı və dövlətçiliyə xidmət edən şəxslər olublar. Mayıl dünyəvi bilgilərlə yanaşı, bütün övladlarına odlu silahlardan istifadə etməyi, hərbi bilgiləri də öyrədirdi. Bu bilgilərlə yetişən övladlarından İbrahimi hərbi məktəbdə təhsil almaq üçün Dərbəndə göndərmək istədiyini İbrahimə bildirəndə, İbrahim bunu böyük həvəslə qəbul edir. Lakin İbrahim oxumağa dostu Mircəfər Bağırovla birlikdə getmək istədiyini deyir.
Qaçaq Mayıl İbrahimin istəyini yerinə yetirərək əlavə qızıl, pul da ödəyib Mircəfər Bağırovun da İbrahimlə birgə təhsil almasına köməklik edir. Bunu edən zaman Qaçaq Mayıl hələ bilmirdi ki, sonradan bu münasibətlər Qaçaq Mayıl və ailəsinin həyatında böyük rol oynayacaq.
İbrahim və Mircəfərin dostluğu hər kəsin diqqətini cəlb edirdi. Onlar eyni otaqda yaşayıb və təhsil alıblar. Əlimizdə olan şəkillərin birində Mircəfər və İbrahimin öz tələbə yoldaşları ilə Quba-Qonaqkənd-Xaşı istiqamətində gəzməyə getdikləri göstərilir. Məhz bu dostluğa görə Mircəfər Bağırov sovet-daşnak dövründə Qaçaq Mayılın ailəsini qismən qoruyub".
Dostluğu və yaxşılığı unudanlara ibrətamiz nümunə olan bu bilgini yaddaşımıza yazıb yolumuza davam edirik.
Digər məlumat lövhəsindən oxuyuruq ki, Qaçaq Mayılın oğlu Osman Qarabağda erməni daşnaklarına qarşı mübarizədə həlak olub. Qayalarda həkk olunmuş yazılarda Qaçaq Mayılın Anadoluda ermənilərə qarşı döyüşlərdə iştirak edən 400-dən çox döyüşçüsü və eləcə də Sarvan stansiyasındakı igidliyi haqqında da məlumatlar var.
Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra isə Qaçaq Mayıl öz döyüşçüləri ilə bir dəfəlik dağlara çəkilir və bolşevik işğalı ilə barışmayaraq ömrünün sonuna kimi mübarizəsini davam etdirir.
Təxminən 30-40 dəqiqədən sonra Qaçaq Mayılın mağarasındayıq. Qarşımızda Qaçaq Mayılın qədim sandığın üzərində oturmuş obrazını görürük. Mağaranın içərisindəki oyuq da aydın görünür.
Vətənimizin qürur yaşadan insanları ilə bu cür təmasların tarixi köklərə qayıtmaq və gənc nəslin öz mahiyyətini dərk etmək istiqamətində çox böyük mənası vardır. Mağara və Qaçaq Mayılın obrazı ilə təmasdan sonra portalımız üçün fotolar çəkərək geri dönməyə başlayırıq.
Yol boyu Gülağa Əliyev bu unikal mağara haqqında söhbətlərini davam etdirir. Deyir ki, mən gücüm çatan səviyyədə tariximizin bu səhifəsini qapanmağa qoymamışam.
Tarixin bu maraqlı səhifəsinə təkcə fiziki yox, həm də mənəvi körpü salmaq istəmişəm. Amma görüləcək işlər də var:
“Çox istərdim ki Mədəniyyət Nazirliyi bu mağaranı bölgənin tirizim marşurutuna daxil eləsin, qoy insanlarımız gəlib yaxından tanış ola bilsinlər”.
İş adamı bildirir ki, bura ekstrimal turizmi sevənlər üçün də maraqlıdır. Çünki bura gələn yerli və xarici turistlər əsasən mağaraya qalxmağa üstünlük verirlər. Ekstrimal idman həvəskarları üçün də maraqlı olan bu mağara yerdən 130 metr hündürlükdə yerləşir.
Əlçatmaz massivin 150 metrliyində Qaçaq Mayılın daha iki mağarasının da olduğu deyilir.
Beləcə biz Qaçaq Mayılı yad edib dönürük geri. Bundan sonrası isə Mədəniyyət Nazirliyinin üzərinə düşür. Fikrimizcə, Azərbaycanda turizim marşurutlarını zənginləşdirmək üçün maraqlı addım olardı.
Aytəkin Alxaslı, Bizim.Media