Dəfn pulunun verilməsində ƏNGƏL – Mərhumların da QİYMƏT kateqoriyası var

Hazırda oxunan: Dəfn pulunun verilməsində ƏNGƏL – Mərhumların da QİYMƏT kateqoriyası var

63015

Azərbaycanda dəfn pulunun alınması ilə bağlı narazılıq və anlaşılmazlıqlar var. Dəfn pulunun ödənilməsi ilə bağlı bəzi əngəllər yaradıldığı iddia olunur. Sosial şəbəkələrdə bununla bağlı şikayətlər yer alıb.

Bildirilir ki, dəfn pulunun alınması üçün qoyulan müddət bitdikdən sonra həmin müavinəti almaq ya çətinləşir, ya da bu ümumiyyətlə mümkün olmur.  

Məlumat üçün bildirək ki, dövlət tərəfindən ödənilən birdəfəlik sosial müavinətlərdən biri də xalq arasında “dəfn pulu” kimi tanınan dəfn üçün müavinətdir. Bu müavinət kimlərə verilir, məbləği nə qədərdir və hansı sənədləri hara təqdim etmək lazımdır? 

Bizim.Media məsələyə aydınlıq gətirir:

Bu xidmət "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi ilə tənzimlənir. Xidməti həyata keçirən orqan isə Dövlət Sosial Müdafiə Fondudur. 

Xidmətin həyata keçirilməsi müddəti 10 gündür. Bunun üçün heç bir dövlət rüsumu ödənilmir və həyata keçirilməsi üçün inzibati prosedurlar var. 

Dəfn üçün müavinət sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə verilir. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği isə əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. 

Ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq sığortaolunan vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinətin məbləği 146 manat məbləğində müəyyən olunub. Əmək pensiyaçısı vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli yəni, 348 manat 81 qəpik dəfn üçün müavinət ödənilir.

Yaşa görə pensiya alan şəxs vəfat etdikdə dəfn xərcini üzərinə götürən şəxsə minimum pensiyanın 3 misli qədər, yəni  720 manat, yaşa görə müavinət alan və sığortaolunan şəxs vəfat etdikdə isə 350 manat məbləğində birdəfəlik müavinət ödənilir. 

Dəfn pulu almaq üçün ölüm haqda şəhadətnamənin surəti, haqq-hesab cədvəli, protokol, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ünvanlanan məktub, eyni zamanda şəxsin vərəsəliyini təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır. 

Müavinət şəxsin yaşayış yeri üzrə DSMF-nin yerli orqanları tərəfindən təyin edilir və ödənilir. Ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Komissiya tərəfindən təyinatla bağlı imtina qərarı qəbul edildikdə, 5 gün müddətində səbəblər göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin