Xəbər verildiyi kimi Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə həbs qərarı verilib. Bununla bağlı ötən gün Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə istintaq orqanının vəsatətinə baxılıb.
Nizami Məmmədovun istintaqda 80.618.000,0 manat mənimsəmə cinayətlərində ittiham edildiyi məlum olub.
Yeri gəlmişkən, Nizami Məmmədov barəsində əvvəlki xidmət sahələrində də bir neçə dəfə cinayət işi açıldığı bildirilir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə Nizami Məmmədov Biləsuvar rayonunun bütün təsərrüfat sahələrinə və balıqçılıq biznesinə başçılıq edir. Rayondakı fermer təsərrüfatını "gözdən uzaq, könüldən iraq” etməyə müvəffəq olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bu general həbs edildi - 80 MİLYONLUQ MƏNİMSƏMƏ...
Söyləntilərə görə rayonun Xırmandalı kəndinin Mahmudcala və Cərcili deyilən ərazilərində qeyri-leqal yollarla çoxlu sayda süni balıq gölləri yaradıb. 500 ha-dan çox ərazini əhatə edən bu qanunsuz göllərin sahiblik edib. Hətta bu biznesdə əsas şəriki rayonun keçmiş icra başçısı Mahir Quliyev olub.
Bu arada Nizami Məmmədovun Səbail rayonunun Badamdar qəsəbəsindəki “Generallar şəhərciyi”ndə dəyəri təxminən 10 milyon manatla ölçülən möhtəşəm villası var. Bu, keçmiş generalın sahib olduğu çoxsaylı mülklərdən, əmlakdan biridir.
Bu azmış kimi Nizami Məmmədov çalışdığı quruma yaxın ətrafını da toplaya bilib. Belə ki, sabiq maliyyə rəisinin qardaşı Müdafiə Nazirliyinin Hüquq Şöbəsində, xalası oğlu Faiq Zeynalov isə N sayli hərbi hissənin maliyyə rəisidir.
Məlumat üçün onu da qeyd edək ki, Nizami Məmmədov Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun “sadiq kadro”larından biri kimi tanınıb.
Xatırladaq ki, Müdafiə Nazirliyinin ard-arda iki vəzfəlisi külli miqdarda pul mənimsəmədə ittiham olunur və hər iki şəxs müxtəlif şöbələrdə maliyyə rəhbərləridir.
Nizami Məmmədovdan əvvəl Nazirliyin Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu da həbs edilib. O, 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.
Bu günlərdə isə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Polkovnik dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.
Alçina Amilqızı, Bizim.Media