Dövlət İmtahan Mərkəzi tərəfindən 5 və 6 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, imtahanlar respublikanın 30 şəhər və rayonunda təşkil olunacaq.
İmtahanlar saat 11:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
MÖVZU İLƏ BAĞLI:
DİM-dən şagirdlərə MÜRACİƏT - Buraxılış imtahanlarının vaxtı açıqlandı
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu istifadə olunmalıdır.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3620 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 216 ümumi imtahan rəhbəri, 586 imtahan rəhbəri, 4506 nəzarətçi-müəllim, 442 buraxılışı rejimi əməkdaşı (mühafizə), 216 bina nümayəndəsi ayrılıb.
Martın 5-də keçiriləcək imtahanlarda 22902, martın 6-da keçiriləcək imtahanlarda isə 24824 nəfər olmaqla, ümumilikdə 47726 şagirdin iştirakı nəzərdə tutulur.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
Bizim.Media