Bu il Azərbaycan, daha çox tanınmış hüquq müdafiəçilərinin qalmaqallı həbsi ilə yadda qaldı. Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk dəfə idi ki, kütləvi şəkildə QHT-lərin bank hesablarına həbs qoyuldu, ofislərdə və evlərdə axtarışlar aparıldı, tanınmış hüquq müdafiəçiləri İntiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov və digərləri həbs olundu, həmçinin beynəlxalq QHT-lərin ölkədə olan nümayəndəliklərinə təzyiqlər başlandı, bir çox ictimai fəallar ölkəni tərk etmək məcburiyyətində qaldılar. Habelə QHT-lər Haqqında Qanuna mürtəce dəyişikliklər edildi. Sözün əsl mənasında ictimai institutların normal fəaliyyətinə son qoyuldu, bu günə qədər ölkədə insanların hüquqlarını qoruyan hüquq müdafiəçilərinin öz hüquqlarının qorunmasına ehtiyac yarandı.
Güclü vətəndaş cəmiyyəti inkişaf etmədən ölkənin demokratikləşməsi mümkün deyil. Vətəndaş cəmiyyətini, müstəqil medianın və siyasi partiyaların inkişafı demokratikləşmənin təməl sütunudur və avtoritar idarəçiliklə bir araya sığmır. Bu səbəbdən hakimiyyət hər üç sektorun inkişafına nəinki maneə yaradır, hər fürsətdə əzərək sıradan çıxarmağa, zəif salmağa çalışır. Müstəqil medianı asılı vəziyyətə saladıqdan, siyasi institutları zəiflətdikdən sonra növbə hüquq müdafəçilərinə çatdı. Əslində vətəndaş cəmiyyəti institutlarına qarşı təzyiqlər həmişə olub. İlk dövrlərdə hakimiyyət QHT-ləri hökumətin əleyhinə olan təşkilatlar kimi qələmə verməyə çalışır, hüquq müdafiəçilərinə qarşı ciddi gözdən salma kampaniyası aparıb, təzyiqlər edirdi. Bunun effekt vermədiyini görən hakimiyyət sonrakı mərhələdə öz QHT-lərini yaratmağa başladı. Məqsəd beynəlxalq təşkilatlar qarşısında görüntü yaratmaq, həmin təşkilatları qabartmaqla müstəqil QHT-ləri sıradan çıxarmaq idi. Küllü miqdarda vəsait ayrılsa da, yaradılan bu təşkilatlar müstəqil vətəndaş cəmiyyətini institutları və onların nümayəndələri ilə rəqabət apara bilmədi və uduzdu.
İnsan haqları, demokratiya və qanunun aliliyi Avropa İttifaqının əsas prinsiplərindəndir. Beynəlxalq təşkilatlar qarşısında insan haqları üzrə öhdəlik götürən və bugünə qədər dəfələrlə Avropaya inteqrasiya bəyanatı verən Azərbaycan hakimiyyəti əslində hər dəfə bu sahədə daha çox imitasiya məqsədi güdüb. Tanınmış hüquq müdafiəçilərinin beynəlxalq əlaqələri, insan hüquqları ilə bağlı hesabatları və bu istiqamətdə beynəlxalq tribunalardan çıxışları, nəticədə beynəlxalq insan haqları təşkilatlarının Azərbaycan insan haqları ilə bağlı sərt bəyanatları, Azərbaycan hakimiyyətinə artan basqılar hakimiyyətin demokratiya və insan haqları sahəsindəki imitasiyasını ifşa edirdi. Hakimiyyət üçün baş verənlərin qarşısını almaq , susdurmaq üçün tək çarə tanınmış hüquq müdafiəçilərinin həbs etmək idi. Və 2013-cü ildə regionda, dünyada baş verən geosiyasi proseslər, xüsusilə Maydan hadsələrindən sonra Rusiyanın Ukraynaya müdaxiləsi, ABŞ və Avropa ölkələri ilə Rusiya arasında yaranan gərginlik hakimiyyət üçün həbslərə münbit şəraiti yaratdı.
Vətəndaş cəmiyyətinə basqılar və hüquq müdafiəçilərini həbs etməklə hakimiyyət beynəlxalq təşkilatların, ictimaiyyətin və siyasi partiyaların diqqətini daha çox siyasi məhbus probleminə yönəltməklə, bütün sahələrdə baş verən digər hüquq pozuntularını, seçki məsələsini kölgədə qoydu. Məlumdur ki, qarşıdan 2015-ci Parlament seçkiləri gəlir və bu ərəfədə Azərbaycanda Yay Olimpiya oyunlarının keçirməsi planlaşdırılır. Bəllidir ki, bu il hakimiyyət üçün bir o qədər də asan il olmayacaq. Ən azından 2012-ci ildə Azərbaycanda keçirilən Evrovizon mahnı müsabiqəsi dövründə vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi kampaniyanı- “demokratiya naminə oxu”x9d kampaniyasını hakimiyyət nümayəndələri unutmayıb. Məhz ictimai fəalların həbsi gələn il keçiriləcək hər iki tədbirin- Parlament seçkilərinin və Yay Olimpiya oyunlarının hakimiyyətin istəyinə uyğun olaraq keçirilməsinə hesablanıb.
Həbsdə olan hüquq müdafiəçilərinin hər biri ölkənin demokratikləşməsi, insan hüquqlarının müdafiəsi və vətəndaş cəmiyyətinin inkişafı uğrunda fədakarlıq edən və mübarizə aparan dəyərli insanlardır. Onların hər biri haqqında istənilən qədər yazmaq olar. Hələlik isə....İnsan kimi İnsan, hər zaman sadə, uşaqla uşaq, gənclə gənc, böyüklə böyük kimi davranan, işini bilə, peşəsini sevən, xalqına xidmət etməkdən qürur duyan İntiqam Əliyevin haqqında. Məhz bu xüsusiyyətləri onu sevimli edir. Əslində çox iş görsə də, az görünür, hüquq sahəsində, vətəndaş cəmiyyətinin inkişafında xidmətlərini özünün borcu bilir. Vətəndaş cəmiyyətinin inkişafı üçün əlindən gələni edirdi. Məhz bu əməyinin nəticəsidir ki, bu gün tanınmış müstəqil vəkillərin çoxu onu özünə ustad sayır...
Həbsinə hazır idi İntiqam müəllim. Yaxşı bilirdi ki, bu idarəçilik sistemində heç kim həbsdən sğortalanmayıb. Həbs olunanda belə qürurlu göründü və bir nümunə göstərdi. Jurnalistlərə, “mən yaxşıyam, hər şey qaydasındadır. Narahat olmayın. Məni qabartmayın. Qabartmayın ki, digərləri ruhdan düşməsin. Həbsimi gözləyirdim. Digər həbs olunanlarla maraqlanın mənimlə yox ”x9d-dedi.
Hər zaman təzyiqə məruz qalan, haqqı tapdalanan hər bir kəsin yanında oldu İntiqam müəllim... O, bizim hüquqlarımızı qorudu və qoruduğu üçün bu gün həbsdədir. Biz isə yetəri qədər qoruya bilmədik onu... Ən böyük günahı günahsızlığıdır. Intiqam müəllimdə cinayət axtarmaq ağ vərəqdə ləkə axtarmaqdır. Onun suçlu olduğuna heç kim inanmır. Yəqin ki həbsinə fərman verənlər belə, günahsız olduğunu daha yaxşı bilirlər... Bir mənəvi borcumuz var və o azadlıqda olana qədər bu borcu yerinə yetirmək hər birimizin görəvidir. 125-lər klubunun elan etdiyi İntiqam Əliyev ayı da bu silsilədəndir və siyasi məhbus məsələsinin gündəmdə saxlanılmasında böyük önəmi var. Hesab edirəm ki, bu ənənə davam etdirilməlidir.
Zaman hər şeyi həll edəcək, tarix öz sözünü deyəcək. Gün gələcək İntiqam müəllim kimi ağsaçlı ziyalılarımıza böhtan atıb həbs edənlər öz cəzalarını çəkəcək.
Bir neçə gün sonra həbsdə olan dəyərli hüquq müdafiəçisi, tanınmış hüquqşünas, hamının sevimlisi İntiqam Əliyevin doğum günüdür. Onu təbrik edir, Bütün siyasi məhbuslara Azadlıq arzulayırıq.
Elman Abbasov
Qeyd: 125-lər siyasi klubunun keçirdiyi ”x9d Azərbaycanda insan hüquqları səhəsində mövcud vəziyyət və hüquq müdafiə fəaliyyəti ilə bağlı müsabiqəyə təqdim edilir.



































































































