Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Şuşaya səfər edib.
Bizim.Media bildirir ki, bu barədə “Facebook” səhifəsində paylaşım edən R.Hacıyev səfər zamanı tək olmadığını vurğulayıb:
"Şuşada aparılan bərpa-quruculuq və abadlıq işlərinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondunun donoru olan "İmprotex” şirkətlər qrupu tərəfindən bir ədəd "JAC N120” şassisi üzərində quraşdırılmış "Platepower 10” üst qurğulu tullantı daşıma avtotexnikasını və bir ədəd həmin şirkətin istehsalı olan 5 tonluq mobil yanacaq doldurma məntəqəsini şirkətin nümayəndələri ilə birlikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verdik.
Qeyd edim ki, yaxın günlərdə "İmprotex” şirkəti tərəfindən daha bir neçə texnika – 10 tonluq mobil yanacaq doldurma məntəqəsi və yanacaq doldurma məntəqələrinin daşınması üçün xüsusi traktor Şuşa üçün ianə ediləcək”.
Qurum rəsmisinin sözlərinə görə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi işğal nəticəsində Qarabağa dəymiş misilsiz ziyanın aradan qaldırılması sahəsində artıq mühüm işlər görülür:
"Qarabağ Dirçəliş Fondu da öz növbəsində görülən işləri dəstəkləməyə hər zaman hazırdır. Fond yarandığı gündən etibarən bir çox şirkətlər birlik nümayiş etdirərək Qarabağda aparılacaq işlərə dəstək göstərmək məqsədilə QDF-ə ianə edib.
Bütün donorlara, eyni zamanda "İmprotex” şirkətinə xüsusi minnətdarlığımı bildirirəm. Birliyimiz işğaldan azad edilən ərazilərdə görülən işlərin sürətlənməsinə və Qarabağın dirçəlişinə töhfə verəcək. Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!”.
Bizim.Media