Daxili İşlər Nazirliyinin tərkibindəki müvəqqəti təcridxanada saxlanılan müğənni Manaf Ağayev və Sənan Hüseynov 2 gün sonra azadlığa çıxacaq. Qeyd edək ki, Yasamal Rayon Məhkəməsi fevralın 18-də hər iki şəxslə bağlı 15 sutka həbs qərarı çıxarmışdı. Həbs edilən şəxslər artıq 13 gündür ki, cəza çəkirlər.
Bizim.Media dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, Manaf Ağayevin konkret harada saxlanılması ilə bağlı rəsmi cavab ala bilməyib.
MÖVZU İLƏ BAĞLI:
Manaf Ağayev həbs edildi - SON DƏQİQƏ
Əldə etdiyimiz məlumata görə müğənni Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır və onunla görüşə icazə verilmir.
Bu barədə Bizim.Media-ya danışan həmkarı və yaxın sənət dostu, müğənni Afət Fərmanqızının sözlərinə görə Manaf Ağayev həbsdə qaldığı günlərdə onunla görüşməyib:
“Ailəsindən Manafla bağlı məlumat almışam. Dediklərinə görə onunla görüşə icazə verilmir. Ailəsi də Manafla bağlı danışmağımıza da icazə vermir. Ona görə əlavə heç nə deyə bilmərəm”.
Manaf Ağayevin digər sənət dostları ilə əlaqə saxlamaq mümkün olmasa da, ailəsinin dediyindən belə məlum olur ki, müğəninin görüşünə həmkarlarından gələn olmayıb.
Qanunvericiliyə görə istər cinayət tərkibli, istərsə də inzibati məsuliyyətlə həbs olunan şəxslərlə görüşə həftədə bir dəfə icazə verilir.
Xatırladaq ki, sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində müğənni və yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz və icazəsiz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb və fevralın 18-i hər ikisinə 15 sutka həbs qəti imkan tədbiri seçilib.
Alçina Amilqızı, Bizim.Media