Maarif fədaisi, N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin ilk direktoru Abdulla Qədirovun xatirə gecəsi keçirilib.
Tədbirdə 122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımova, A.Qədirovun ailə üzvləri, deputat köməkçisi Səbuhi Səmədov, “Xankəndi”x9d məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, işğaldan öncə Xankəndində məktəb direktoru işləmiş Sabir Əliyev, jurnalist-araşdırmaçı Aydın Qarabağlı və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Nazim Xudiyev açıb. İlk öncə Xankəndi məktəbinin dünənini və bu gününü özündə əks etdirən film nümayiş etdirildi. Daha sonra məktəbin şagirdləri Abdulla Qədirovun həyat və fəaliyəti haqqında kompozisiya ilə çıxış etdilər.
Deputat Flora Qasımova çıxışında Xankəndi məktəbinin yaranmasından, A.Qədirovun 1945-1959-cu illərdə məktəb direktoru kimi fəaliyyətindən söz açmış, şagirdlərə elmə yiyələnməyi, daima müəllim və valideynlərinin hörmətini saxlamağı tövsiyyə etmişdir.
Digər natiqlər də şagirdlər üçün məktəbdə yaradılan şəraitdən, təhsilin səviyyəsindən danışaraq tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər.
Sonda məktəbin müəllim və şagird heyəti qonaqlarla birlikdə xatirə şəkli çəkdirmişdir.



































































































