Xocalı dəhşətlərinin şahidi: “Bu vəhşiliyi edənlər mühakimə olunmalıdır"

Hazırda oxunan: Xocalı dəhşətlərinin şahidi: “Bu vəhşiliyi edənlər mühakimə olunmalıdır"

62097

“Xocalını tarımar edəndə mənim 19 yaşım var idi. Onda Tibb Universitetində təhsil alırdım. Gecə anamgil zəng etdilər ki, ermənilər hücuma keçib. Tez kəndimizə getdim. Qohumlarımı birtəhər Xocalıdan çıxara bildik. Amma çox kəndləri gülləbaran etdilər.

Uşaqlara, qadınlara, qocalara rəhm etmədilər. Həmin mənzərələri xatırlamaq dəhşətdir. 30 il keçməsinə baxmayaraq hər kəsin ürəyi göynəyir. Amma bu gün bu ağrını başımız uca, alnımız açıq anırıq.

44 günlük Vətən müharibəsində başda Ali Baş Komandanımız olmaqla qəhrəman əsgər və zabitlərimizin sayəsində, şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad olundu. İndi o torpaqlarda ermənilər tərəfindən öldürülən bacı və qardaşlarımızın, ata və analarımızın, balalarımızın ruhu şaddır.

Qarabağ indi Azərbaycandır! Ümidvarıq ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tarixini özündə canlandıran Xocalı və digər torpaqlarımız düşmənlərdən azad olunacaq və biz öz dədə-baba yurdumuza qayıdacağıq”.  

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna 30 il əvvəl Xocalı faciəsini canlı yaşamış Aqil Məmmədov verib. Onun sözlərinə görə, hazırda dünyanın bir çox ölkəsində Xocalı Soyqırımı anılır, bu günlə bağlı məlumat lövhələri yerləşdirilir.

Təkcə qardaş Türkiyənin 5 şəhər və əyalətində Vitse-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Xocalı soyqırımı” abidəsi ucalıb. Heydər Əliyev fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bütün dünyada “Xocalıya ədalət” kampaniyası keçirilir.

Biz inanırıq ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra onun vətəndaşlarına qarşı soyqırım törədənlərin ədalət məhkəməsində mühakimə olunmasına nail ola biləcək. 

“Xocalı soyqırımı yalnız azərbaycanlıların qan yaddaşı deyil. O bütün dünyada insanlıq adına törədilən bir vəhşilikdir. Mən Gəncə Yəhudi dini icması adından, icma üzvləri adından bu dəhşətli soyqırımı pisləyir, onu törədənləri lənətləyir və Azərbaycan xalqı ilə həmrəyliyimizi bildiririk”. 

Bu fikirləri isə Gəncə Yəhudi dini icmasının rəhbəri Arif Babayev söyləyib. O əlavə edib ki, yəhudi xalqı həmişə azərilərin yanında olub. 30 il bundan öncə də, indi də.  

“Biz dünən icma üzvləri ilə birlikdə Xocalı Soyqırımının 30 illiyi ilə əlaqədar anım tədbiri təşkil etdik. Biz də Azərbaycan dövlətçiliyinə sadiq vətəndaşlar olaraq xalqın dərdinə şərik oluruq. Biz də öz növbəmizdə bütün dünyanı “Xocalıya Ədalət”ə çağırırıq.

Ali baş komandanın rəhbərliyi altında, şəhidlərimizin və qazilərimizin qanı bahasına azad olunan torpaqlarımızda bu vəhşilikləri və qətliamı törədənlərin cəzalandırılmasını, beynəlxalq ictimaiyyətin Azərbaycanı dəstəkləməsini istəyirik”- deyə A.Babayev əlavə edib.  

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin