Bakının bu məkanında Özbəkistandan gətirilən paltar kilo ilə satılır.
Bizim.Media “Xəzər” televiziyasına istinadən xəbər verir ki, qadın, kişi və uşaq üçün nəzərdə tutulan geyimlərin 1 kilosu 18 manata müştəriyə satılır.
Reportaj zamanı bəlli olub ki, digər mağazalarda corabların ən ucuzunun ədədi 1 manat 50 qəpiyə satıldığı halda, buradakı qiymətin təxminən 90 qəpik olması insanda məhsulların keyfiyyətinə şübhə yaradır. 1 ədəd kişi maykası 4 manat 50 qəpik- 5 manata satıldığı halda, burada çəki ilə ədədi 2 manat, 2 manat 50 qəpiyə düşür.
Satıcılar meyvə-tərəvəz kimi kilo ilə satılan geyimlərə tələbatın çox olduğunu deyirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı bildirib ki, bu mallar ilə bağlı hələ ki, heç bir şikayət daxil olmayıb, amma vətəndaşlar diqqətli olmalıdırlar:
“Çünki kilo ilə alınan mallar qaytarılan zaman ciddi problemlər yaşanır”.
Eyyub Hüseynovun sözlərinə görə, hər bir malın öz qiyməti və çeki olmalıdır ki, istehlakçı da öz hüquqlarını təmin edə bilsin:
“Malın keyfiyyətinə gəldikdə isə, bu məsələ sual altında qalır”.
Bizim.Media