"Həyatda insan hər hansı bir xətanı, əməli törədə bilər. Lakin səmimi peşmançılıq varsa, bunu etiraf edib bağışlanmağını istəyirsə, prezident İlham Əliyevə müraciət edə bilər. Bağışlamaq da böyüklük əlamətidir".
Bu fikriləri Aktual.az-a Milli Məclisin deputatı, Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.
O qeyd edib ki, bir qayda olaraq, əfvə düşmək istəyən insanlar prezidentə əfv ərizəsi yazmalıdırlar: "Son vaxtlar bir çox insanların, xüsusilə ictimai-siyasi həyatda adları hallanan, müəyyən təşkilatların üzvləri olan şəxslərin prezidentə əfv ərizələri ilə müraciət etmələrinin şahidi oluruq. Mən bunu müsbət dəyərləndirirəm. Əfv fərmanı prezident İlham Əlyevin hüququdur. Qabaqcadan bir söz demək olmur. Amma nəzərə alaq ki, ölkə başçısı hər zaman humanizm nümayiş etdirərək ildə bir neçə dəfə əfv fərmanı imzalayır. Xüsusən, ilin sonunda, dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı verilən əfv fərmanı ilə həbsdə olan insanlar azadlığa çıxır. Belə ehtimal etmək olar ki, bu ilin sonunda da əfv fərmanı ola bilər. Düşünürəm ki, həbsdə olan digər insanlar da əfv ərizələrini yazmaqda davam etməlidirlər. Adları beynəlxalq təşkilatlar tərəfindən müzakirə predmetinə çevrilən müəyyən insanların əfvlə prezident İlham Əliyevə müraciət etmələrinin müsbət nəticələri ola bilər".
Hüquq müdafiəçisi İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyətinin bərpa olunmasından da danışıb və bu addımı yüksək qiymətləndirdiyini bildirib: "Ölkə başçısı İlham Əliyevin təşəbbüsü, AŞPA rəhbərliyinin xahişi ilə Azərbaycanda İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa olunub. İki gün öncə biz onun növbəti toplantısını keçirdik. Avropa Şurasının nümayəndəsi də orada iştirak etdi. Biz iclasda müəyyən məsələləri müzakirə etdik. İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa olunması, əfv ərizələrinin İlham Əliyevə ünvanlanması, yaxın zamanda xoş hadisələrin baş verəcəyini göstəririr. Ümid edirəm ki, ilin sonunda əfv fərmanı olacaq və bu insanların da müəyyən hissəsi azadlığa çıxacaq".


























































































