Bu gün Kəlbəcərə səfəri zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən öldürülən Azərbaycan vətəndaşı, Cəbrayıl sakini Həsən Həsənovun 40 mərasimidir. ANS PRESS-in məlumatına görə, bu barədə millət vəkili Aydın Mirzəzadə yazıb.
O, yas mərasiminin Binəqədi rayonunda keçirildiyini və orada iştirak etdiyini yazıb.
"Yasda çox sayda insan var idi. İctimaiyyət nümayəndələri də kifayət qədər idi. Hətta qadın yas məclisinə universitetlərdən birindən qız tələbələrin gəldiyini də bildirdilər.
Atasına və qardaşlarına başsağılı verdim, Həsənin hərəkətinin qəhrəmanlıq və qürur hərəkəti olduğunu bildirdim".
Deputat qeyd edib ki, qohumlarının və dostlarının etdiyi söhbətlərdən Həsən Həsənovun çox mərd bir insan olduğu haqda xeyli söhbətlər eşidib.
Xatırladaq ki, Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyev iyul ayının 2-də Kəlbəcərdə ermənilər tərəfindən tutulublar. Onlar yaxınlarının məzarlarını ziyarət etmək üçün Azərbaycanın işğal altında olan torpaqlarına gediblər. Ermənilər H.Həsənovu qətlə yetirib, Dilqəm və Şahbazı isə yaxalayıblar.
Əvvəlcə H.Həsənovun Qarabağda dəfn edildiyini deyilib. Lakin aparılan danışıqlardan bir müddət sonra onun cənazəsi Azərbaycana təhvil verilib.

































































































