Parklanma ilə bağlı paytaxt küçələri hazırlığa GƏTİRİLİR – “Parkovka” hələ 1 il də pulsuz olacaq

Hazırda oxunan: Parklanma ilə bağlı paytaxt küçələri hazırlığa GƏTİRİLİR – “Parkovka” hələ 1 il də pulsuz olacaq

61281

Parklanma ilə bağlı paytaxt küçələri hazırlıq mərhələsinə gətirilir. Bakı Nəqliyyat Agentliyi küçə parklanma yerlərinin idarə edilməsinə dair pilot layihəsini davam etdirir. Sözügedən layihənin ilk əhatə etdiyi Bəsti Bağırova küçəsində 6 ay davam edən yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Növbəti mərhələdə isə digər küçələrdə yenidənqurma işlərinə başlanılacaq. 

Qeyd edək ki, hələlik  ölkədə parklanma yerləri ilə bağlı tariflər mövcud deyil. 1 ay əvvəl Bakı Nəqliyyat Agentliyi (BNA) parklanma yerlərində qiymətlərin müəyyən edilməsi üçün beynəlxalq təcrübəyə əsaslanan konsepsiya hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib. Həmin konsepsiyada BNA-nın digər məsələlərlə yanaşı tariflərlə də bağlı təklifləri yer alıb. 

Bizim.Media-ya məsələ ilə bağlı açıqlamasında BNA-nın mətbuat katibi Mais Ağayev konsepsiyada təklif etdikləri parklanma tariflərinin məbləğini açıqlamayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdakı parklanma yerlərinə yeni TARİFLƏR gəlir - Saatı 50 qəpik, ya 1 manat? 


Onun sözlərinə görə Nazirlər Kabineti konsepsiyanı təsdiq etdikdən sonra bu barədə açıqlama verilə bilər. Amma tariflərin təsdiqindən əvvəl hələki paytaxt küçələrinin parklanmaya uyğunlaşdırılması, yol infrastrukturunun vəziyyətinin yaxşılaşdırılması, yol hərəkətinin təşkili üçün zəruri olan çatışmayan yol nişanlarının quraşdırılması kimi işlərə başlanılıb yekunlaşdırılması vacibdir. 

Bəs, küçələrin parklanmaya hazırlanması işləri nə qədər zaman alacaq?

Pilot layihənin nə qədər vaxt alacağını susqunluqla qarşılayan Mais Ağayev yenidənqurma işlərinin Bəsti Bağırova, Məhəmməd Naxçıvani və həmin iki küçə ilə kəsişən digər küçələrdə icra olunacağını xatırladıb:

“Hələki pilot layihənin Bəsti Bağırova ilə bağlı olan küçəsi qismən yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda isə Məhəmməd Naxçıvani və onunla kəsişən küçədə yenidənqurma işlərinə başlanacaq. Ümumiyyətlə isə Bakının bütün küçələri ilə bağlı düşüncəmiz məhz Bəsti Bağırova küçəsində olduğu kimi müasir tələblərə və yüksək standartlara uyğunlaşdırılmasıdır. Küçə parklanması ilə bağlı konsepsiyada nəzərdə tutulan yeniliklər ilk dəfə məhz bu küçədə tətbiq ediləcək.
 

Bir sözlə həm parklanma, həm də küçələrin yenidən qurulması ilə bağlı görmək istədiyimiz baxış məhz Bəsti Bağırova küçəsində aparılan proseslərdən ibarətdir”. 


Qurum rəsmisi onu da əlavə edib ki, parklanma ilə bağlı konsepsiyanın Nazirlər Kabineti tərəfindən təsdiqlənməsinə qədər və əlavə vaxt keçməməməsi üçün bütün küçələr əvvəlcədən hazırlıq vəziyyətinə gətiriləcək. 

Bu isə ondan xəbər verir ki, bir küçənin yenidənqurma işlərinə 6 ay vaxt sərf olunursa, digər küçələrin də bu müddət çərçivəsində hazırlığa gətirilməsi xeyli zaman alacaq. Ehtimal olunur ki, bu ilin sonuna qədər parklanma tariflərinin tətbiqinə başlanılmayacaq. 
 

Xatırladaq ki, hazırda Bakıda 15 min avtomobillik parklanma yeri müəyyənləşib. Belə ki, bir neçə il əvvəl BNA parklanma yerləri üçün Bakı Şəhər İcra Hakimiyyətindən 10 minə yaxın yer alıb.


Sonradan aparılan analiz və təhlillərdən sonra əlavə olaraq 5 min avtomobillik parklanma yeri də alınıb. Həmin parklanma yerləri müvafiq tariflər təyin olunana qədər pulsuzdur. İlkin mərhələdə 138 avtomobil üçün parklanma yeri təşkil edilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin