Son vaxtlar kriminogen durum pisləşib. Demək olar ki, hər gün qandonduran faciələrlə bağlı məlumatlar oxuyuruq. Hər ötən gün zorakılıq qurbanlarının, qətllərin sayı çoxalır. Artıq qadınlarla yanaşı azyaşlılar da qətl olunur. Bu isə ictimaiyyətdə ciddi narahatlıq doğurur.
Maraqlıdır, qanunda zorakılıq qurbanlarının təhlükəsizliyi məsələsinin təkmilləşməsinə ehtiyac varmı?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev bildirib ki, sözügedən cinayətlərin qarşısını almağın yollarından biri qanunvericilikdə müəyyən dəyişiklik edib Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ştatlarının artırılmasıdır:
MÖVZU İLƏ BAĞLI:
Məişət zorakılığı ilə bağlı qanunvericilik sərtləşdirilir - VİDEO
“Düzdür bu komitə çox iş görür. Amma büdcədən komitəyə maliyyə ayrılmalı, hər rayonda, kənddə və yaşayış massivində qurumun bir nümyəndəsi təmsil olmalıdır. Bu nümayəndələr həssas ailələr barədə komitəyə və polisə məlumat verməlidirlər. 10 milyonluq ölkəyik. 80-100 və 200 milyon əhalisi olan ölkələr var.
Onlar bunun qarşısını necə ala bilir və bütün ailələri necə nəzarətdə saxlaya bilirlər? Azərbaycanda elə ailələr var ki, qadın boşanır, amma keçmiş əri tərəfindən təhdid olunur. Yaxud kimsəsiz, tənha və kirayələrdə müdafiəsiz qalan qadınlar var. Belə ailələr aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməlidir”.
Deputat hesab edir ki, zorakılıq qurbanları ilə bağlı qanunvericiliyə dəyişikliyin edilib-edilməməsi o qədər də önəm kəsb etmir:
“Cəmiyyətdə bu cür aşırı cinayətlərin baş verməsi, xüsusən də bunun qadınlara və uşaqlara münasibətdə çoxalması narahatvericidir. Son cinayət hadisəsini törədən Əhəd Əliyev adlı şəxs onsuz da iki uşağı və ananı qətlə yetiribsə, bilir ki, sonu yoxdur.
Ən yaxşı halda ömürlük həbs cəzası alacaq. Burada qanunun sərtləşməsi yalnız ölüm hökmünün çıxarılması ola bilər. Amma ölüm hökmü bu gün bir çox ölkələr tərəfindən ləğv olunur.
O baxımdan ölüm hökmünə Azərbaycanın qayıtması mümkün görünmür. Həm Azərbaycan Avropa Şurasına üzv olan zaman ölüm hökmünün aradan qaldırılması ilə bağlı müəyyən öhdəlikləri öz üzərinə götürüb. Ömürlük həbs də elə ölüm cəzasına bərabərdir”.
Alçina Amilqızı, Bizim.Media