Uzaq dağ kəndində kinozal yaradan müəllimə DANIŞDI: “Səhər durub gördüm ki...” 

Hazırda oxunan: Uzaq dağ kəndində kinozal yaradan müəllimə DANIŞDI: “Səhər durub gördüm ki...” 

0:00
0:00
60791

Lənkəranın mərkəzindən xeyli uzaqda yerləşən ucqar dağ kəndi Jidi tam orta məktəbinin müəllimi Leyla Qarazadə film günü təşəbbüsü ilə insanların rəğbətini qazanıb. Sosial şəbəkələrdən mediaya da yansıyan bu gözəl görüntülər hamının diqqətini cəlb edə bilib. Xeyli insan uşaqların sevincinə şərik olub, onlarla seviniblər. Bu xoşbəxtlik qığılcımlarından görən hər adama pay düşüb.

Bizim.Media Leyla müəlliməyə yol tapıb söhbətinə qulaq yoldaşı olub.

Leyla müəllimə bildirib ki, o, 2018-ci ildən, işləməyə başladığı ilk vaxtdan etibarən “Milli Kino” günü təşkil edir.

“Həftədə bir dəfə də olsun, milli filmlərimizi uşaqlara göstərirdim. 4 il əvvəl şərait yox idi, köhnə məktəb idi. Yeni məktəbə keçdikdən sonra kompyuter, notbuk verildi bizə. Ekran kiçik olduğu üçün çox uşaq yığmırdım ora. Həm gözlərinə ziyandı, həm də baxa bilsinlər deyə narahat otururdular”.

Leyla xanım açıqlayıb ki, ilk proyektor qonşu kəndə - Lənkəran rayon Gəgirkən kəndində yenicə istifadəyə verilmiş tam orta məktəbə gəlib.

“Bu xəbəri eşitdim, çox-çox xoşbəxt oldum. O kənddə proyektor olduğunu bildiyim vaxt, həmin direktorla danışdım və film günü təşkil etmək qərarına gəldim. Tamamilə kino mühiti yaransın deyə, uşaqlarla bilet tərtib etdik”.

Bilet 21, Sinif 7, Yer 28..

“Şərti olaraq bilet fonunda hazırladığım kağızları uşaqlara paylayandan sonra evə getdik. Bir gün sonra oyandım ki, hər yer qardır. Düşündüm ki, uşaqlar gəlməzlər, yollar da çox pisdir. Hətta özüm proyektorla evdən məktəbə gedənə kimi çox çətinlik çəkdim. Mən çatdım gördüm ki, məndən bir neçə saat əvvəl nə qədər uşaq gəlib. Hətta uşaqlara demişdim, film saat 10:00-dadır, onlar gecikməmək üçün saat 8:00-dən toplaşıblar. O qədər uşağı orada görəndə çox xoşbəxt oldum, deməli, onların ürəyincə bir şey hazırlaya bilmişəm”.

Bizim.Media-a danışan Leyla müəllimə bir maraqlı məqamı da nəzərə çatdırıb:

“Orada popkorn vermişdik uşaqlara. Onu da elə ehtiyatla, ədəd-ədəd yeyirdilər ki, filmin axırına kimi çatsın. Yəni onlara maraqlı gəlirdi, olduqları ortam, olduqları yer, sinif otağı. Sanki kinozalda imişlər kimi”.

Son olaraq müəllimə öz həmkarlarına tövsiyə edib:

“Tövsiyəm sevgi ilə öyrətməkdir. Nə qədər başımız problemlərlə məşğul olsa belə uşaqları xoşbəxt etməyə vaxt ayırmalıyıq və onlarla əylənməliyik. Problemləri dərsə yansıtmamalıyıq. Dünyamızı sevgidən yaranan rənglərlə boyasaq, onda hər kəs xoşbəxt olar. Müəllimi ilə xoşbəxt böyüyən uşaq gələcəyə ümiddir. Mən bilirəm, belə müəllimlərimiz çoxdur. Hər birinizə təşəkkür edirəm rənglədiyiniz dünyaya görə".

Mia Quliyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin