Parkinson xəstəliyi beyində hərəkətlərimizin ahəngini və koordinasiyasını təmin edən dopamin adlı neyrotransmitteri istehsal edən hüceyrələrin tədricən məhv olması ilə xarakterizə edilən xroniki nevroloji bir prosesdir.
Xəstəlik əsasən 60 yaşdan sonra daha çox rast gəlinir. Parkinson simptomları gizli başlayır və zaman keçdikcə daha aydın şəkildə üzə çıxır.
Bizim.Media xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Məmmədova Nərmin danışıb. O bildirib ki, xəstəlik adətən hərəkətlərin yüngül ləngiməsi, bədənin bir tərəfində, əksərən bir əldə titrəmə ilə başlayır.
Xəstələr addımların kiçildiyini, hərəkətlərin əvvəlki kimi çevik olmadığını hiss edirlər:
“Üz ifadələrinin zəifləməsi (maskayabənzər üz), balans pozuntuları, yıxılma riski və əl yazısının xırdalaşması (mikroqrafiya) tipik əlamətlərdir.
Zamanla posturun önə doğru əyilməsi, yerimə zamanı addımların sürüşkən və qısa olması diqqət çəkir. Depressiya, yuxu pozuntuları, qoxu hissinin azalması, qəbzlik, yorğunluq və vegetativ dəyişikliklər xəstəliyin mühüm komponentləridir.
Bu əlamətlər bəzən motor simptomlardan əvvəl meydana çıxa bilər. Bu dəyişikliklər nəticəsində gündəlik fəaliyyətlər, məsələn qidalanma, geyim, şəxsi gigiyena çətinləşir və xəstənin müstəqilliyi tədricən azalır”.
Həkimin sözlərinə görə, hazırda Parkinson xəstəliyini birbaşa təsdiqləyən spesifik laborator və instrumental müayinə mövcud deyil və diaqnoz əsasən klinik qiymətləndirməyə əsaslanır:
“Həkim tremorun xarakterini, hərəkətlərin sürətini, əzələ tonusunu və tarazlığı qiymətləndirir. Bradikineziyanın (hərəkətlərdə ləngimə) mövcudluğu əsas diaqnostik kriteriyalardan biridir.
MRT və KT müayinələri daha çox digər nevroloji patologiyaları istisna etmək üçün istifadə olunur. DaTSCAN (dopamin transporter skanı) isə dopamin səviyyəsinin azalmasını göstərməklə dopaminergik sistemin funksional vəziyyətini qiymətləndirməyə kömək edə bilər.
Dopaminergik preparatlara müsbət klinik cavab da Parkinson diaqnozunu gücləndirən mühüm göstəricidir”.
Nevroloq qeyd edib ki, Parkinson xəstəliyi beyindəki neyrokimyəvi dəyişikliklər və fiziki məhdudiyyətlər səbəbindən psixoloji vəziyyətə ciddi təsir göstərir:
“Depressiya və narahatlıq halları geniş yayılıb və bu vəziyyətlər həm bioloji, həm də sosial faktorlarla əlaqəlidir. Xəstələrdə sosial aktivliyin azalması və özünə inamın zəifləməsi müşahidə olunur.
İrəliləyən mərhələlərdə diqqət zəifliyi, yaddaş problemləri və demensiya riski arta bilər. Müntəzəm idman hərəkətləri hərəkət amplitudasını qoruyur, əzələ sərtliyini azaldır və balansı yaxşılaşdırır.
Vitamin və mineral baxımından balanslı qidalanma ümumi sağlamlığı dəstəkləyir və bəzi qeyri-motor simptomların yüngülləşməsinə kömək edir”.
Xatırladaq ki, 11 aprel Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günü kimi qeyd olunur.
Günay Şahmar, Bizim.Media


































































































