Gəncə şəhəri, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbində dərs zamanı şagirdlərin ailələrini təhqir etdiyi deyilən müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbin müəllimi Tünzalə Qasımovanın dərs zamanı əvvəlcə azyaşlı şagirdlərdən birini, daha sonra isə sinifdə oxuyan uşaqların ailələrini təhqir etdiyi ilə bağlı səs yazısı yayılmışdı.
İdarədən bildiriblər ki, yayılan səs yazısı ilə bağlı müvafiq araşdırma aparılıb. Araşdırma çərçivəsində mütəxəssislər məktəbin şagird və valideynləri ilə görüşüb, məsələ ətraflı şəkildə müzakirə olunub.
Bildirilib ki, səs yazısında adı hallanan müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb. (report.az)
Bizim.Media































































































