Qadının ailə qurduqdan sonra kişinin soyadını götürməsi o qədər normal qəbul olunub ki, əksini görəndə insanlar təəccüblənir, qızğın müzakirələr başlayır, hətta qınanılır.
İstər Şərqdə, istərsə də Qərbdə uzun müddət patriarxal sistem hakim olduğundan qadının kişinin “aidiyyatında” olması təəccüblü deyil və indi də hər nə qədər zəifləmiş olsa da keçərlidir.
Kişi ailənin başçısı sayılır, nəsil onun xətti ilə davam edir və soyad da bunun rəmzi təsdiqidir.
Qız ərə getdikdə təkcə yaşayış yerini yox, sanki kimliyini də dəyişdirir, yəni getdiyi ailəyə “aid olur”. Təsadüfi deyil ki, xalq arasında “qızı köçürtmək” kimi ifadə də bu düşüncədən qaynaqlanır.
Günümüzdə bu artıq ənənə yox, seçimdir. İndi qadınların çoxu ailə qurduqdan sonra da soyadını dəyişmir, bunu fərdi kimliyindən imtina kimi görür. Amma nadir də olsa, kişinin qadının soyadını götürməsi kimi hallar da var.
Belə ki, Azərbaycanda bu ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib. Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.
Bu statistik məlumatı oxuyanların reaksiyası isə haçalanır. Qanunun qəbul etdiyini cəmiyyət istisnasız qəbul edəcək deyə anlayış yoxdur. Çünki qanunlardan fərqli olaraq düşüncə tərzi gec dəyişir.
Bəs bu stereotiplər niyə gec dəyişir, insanları bu məsələdə geri çəkən nədir?
Sosioloq Ülviyyə Sabir movzuyla bağlı Bizim.Media-ya bildirdi ki, stereotiplər də dəyişə bilər, amma çox ləng halda, buna səbəb Azərbaycanda ailə və cəmiyyətin hələ də ənənəvi dəyərlərə söykənməsidir.
“Təbii ki, şəxsi azadlıqlar və fərdi seçimlər var və həmişə olacaq. Amma nə qədər qadın-kişi hüquqları bərabərliyindən danışsaq da, əməldə bunu göstərmirik. Soyad həm də ailədə kimin rəis olduğunu göstərən faktordur. Cəmiyyət isə hələ də kişini ailənin rəisi hesab edir. Arvadının soyadını götürmüş kişiləri araşdırsaq, onların ya hansısa məcburiyyətdən, yaxud əmlak məsələlərindən qaynaqlandığını görərik.
Yəni stereotipləri alt-üst edən cəsarətli bəylər az tapılar. Üstəlik kişi təkcə özünü düşünmür axı! Bu nikahdan dünyaya gələn uşaqlar gələcəkdə atası qala-qala anasının soyadını daşıdıqlarına görə sıxılacaqlar”.
Maraq üçün bildirək ki, Türkiyədə, Böyük Britaniyada, Yaponiyada qadın ailə quranda mütləq ər soyadına keçməlidir, istərsə öz soyadını yanaşı işlədə bilər. İspaniyada heç kim soyadını dəyişmir, uşaqlar iki soyad daşıyır. Çində və Cənubi Koreyada qadın öz soyadını saxlayır, uşaqlar ata soyadı ilə davam edir”.
Şəfiqə Şəfa, Bizim.Media



































































































