Xəbər verildiyi kimi, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyətində ciddi mənimsəmə faktları aşkarlanıb. İddiaların mərkəzində qurumun icraçı direktoru Leysan Məmmədov və onunla əlaqəli şirkətlər var.
Bizim.Media “demokrat.az”a istinadla xəbər verir ki, məsələnin maliyyə tərəfi kifayət qədər böyük rəqəmlərlə ifadə olunur.
Ümumi dəyəri 25 milyon manatı keçən üç iri müqavilə "Platin" MMC-yə tapşırılıb. Maraqlıdır ki, bu şirkətin rəsmi rəhbəri Rizvan Vəliyevin bacısı oğlu olsa da, idarəçiliyin Leysan Məmmədovun oğlu Elnur Məmmədov tərəfindən həyata keçirildiyi deyilir. Bu vəziyyət dövlət vəsaitlərinin ailə daxilində paylanmasını deməyə əsas verir.
Diqqətçəkən məqam evlərin təmiri üçün ayrılan vəsaitlərin süni şəkildə artırılmasıdır. Yüngül təmir tələb edən evlərin kvadratmetri üçün nəzərdə tutulan 150 manatlıq xərc sənədlərdə 350 manat kimi göstərilib. Bu yolla hər kvadratmetrdə yaranan 200 manatlıq fərq nəticəsində büdcəyə 14 milyon manatdan çox ziyan vurulduğu hesablanıb.
Təmir sənədləri ilə evlərin ilkin vəziyyətini əks etdirən fotoların müqayisəsi bu fərqi aydın şəkildə ortaya qoyur.
Dövlət vəsaitlərinin mənimsənilməsində adı keçən Leysan Məmmədovun maliyyə resurslarını şəxsi biznesinə yönəltdiyi barədə məlumatlarımız var. İddialara görə müxtəlif layihələr vasitəsilə əldə edilən vəsaitlər birbaşa deyil, məhz ailə üzvləri üzərindən kommersiya fəaliyyətinə yatırılır.
Bu sxemdə əsas fiqurlardan birinin onun qardaşı oğlu Rəşad Məmmədov olduğu bildirilir. Onun adına qeydiyyatdan keçmiş “AQK Manufacturing Company” MMC vasitəsilə Ağdam rayonu ərazisində iri miqyaslı biznes layihələri həyata keçirilir.
Yəni, dövlət büdcəsindən ayrılan vəsaitlər şəxsi investisiya kimi istifadə edilir və bu fəaliyyət qohumların adına rəsmiləşdirilir. Beləliklə faktiki sahibliyin gizlədilməsinə şərait yaradılır. Hazırda Ağdamda 1000 nəfərlik yaşayış kampı, beton və asfalt zavodlarının tikintisi aparılır. Bu obyektlər məhz həmin vəsaitlər hesabına ərsəyə gəlib.
Mənimsəmə hallarının yalnız vəsaitlərin xərclənməsi ilə bitmədiyi, həm də uzunmüddətli gəlir gətirən biznes strukturlarına çevrildiyi görünür. Üzə çıxan mənzərə korrupsiya yolu ilə əldə edilən pulların leqallaşdırılması və davamlı qazanc mənbəyinə çevrilməsi ehtimalını artırır.
Faktlar göstərir ki, kateqoriya sistemi qəsdən təhrif edilərək işlərin dəyəri süni şəkildə bahalaşdırılıb və bu yolla külli miqdarda dövlət vəsaiti mənimsənilib.
Dövlət başçısının Qarabağda xüsusi nümayəndəliklər təsis etməkdə məqsədi idarəçilikdə tam şəffaflığa nail olmaq, "köhnə sistemin" qalıqlarını bu müqəddəs torpaqlara buraxmamaq idi.
Lakin Leysan Məmmədovun rəhbərlik etdiyi qurumun fəaliyyəti bu hədəflərlə ziddiyyət təşkil edir. Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyin bu proseslərdən nə dərəcədə xəbərdar olduğu isə hələlik qaranlıq qalır.
Bizim.Media































































































