DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

Hazırda oxunan: DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

606248

Son dövrlərdə vətəndaşlara qarşı kiberdələduzluq halları daha da artıb. Artıq təkcə banklar və tanışlar deyil, dövlət qurumları adından da saxta müraciətlər göndərilir. Belə ki, aparılan monitorinqlər nəticəsində dövlət qurumlarının elektron poçt ünvanlarını hədəf alan kütləvi fişinq kampaniyası aşkar edilib. Eyni zamanda, süni intellektlə hazırlanmış videoların yayılması doğru məlumatı saxtadan ayırmağı daha da çətinləşdirir.

Bu kimi halları hansı yollarla dəqiqləşdirmək olar?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, bu gün əsas problem artıq məlumatın doğru olub-olmamasıdır:

“Çünki həm fişinq e-poçtlar, həm də süni intellektlə hazırlanmış videolar o qədər real görünür ki, insan ilk baxışda fərqi hiss etməyə bilir. Ona görə də yanaşma dəyişməlidir. Artıq gördüyümüz və ya aldığımız hər məlumata avtomatik inanmaq yox, onu yoxlamaq vərdişini özümüzdə yaratmalıyıq.

E-poçt və mesajlarla bağlı ən vacib məqam göndərənin kimliyidir. Çox vaxt dələduzlar dövlət qurumunun və ya bankın adından yazır, amma e-mail ünvanında kiçik fərqlər olur. Əlavə hərf, fərqli domen və ya qəribə uzantı, bəzən də real olması üçün bir adın içərisində sadəcə bir hərfi fərqli edirlər. Digər siqnal tələsdirici və qorxuducu mətnlərdir.

“Təcili daxil olun”, “Hesab bloklanacaq”, “Son şans” kimi ifadələr demək olar ki, həmişə fişinq əlamətidir. Rəsmi qurumlar adətən belə panika yaradan üslubdan istifadə etmir”.

Ekspert bildirib ki, süni intellektlə hazırlanmış videoları digərlərindən fərqləndirən bəzi ipucları var:
 

“Lakin hazırda artıq 100% vizual fərq tapmaq çox çətindir. Bəzən mimikalar qeyri-təbii görünür, işıq, kölgə balansında uyğunsuzluq müşahidə edilir, dodaq və səs uyğunluğu zəif olur. Amma hər zaman bunlarla rastlaşmırıq. Ona görə ən düzgün yanaşma videonun özünə yox, mənbəsinə baxmaqdır. Bu video rəsmi səhifədə paylaşılıb, yoxsa sadəcə sosial şəbəkədə yayılıb?.


Başqa etibarlı media orqanları bunu təsdiqləyirmi?. Praktik olaraq vətəndaşlar üçün ən effektiv üsul isə gələn linkə klik etməzdən əvvvəl ünvanı yoxlamaq, e-poçt göndərəninin domenini diqqətlə oxumaq, şübhəli halda həmin qurumun rəsmi saytına daxil olub məlumatı yoxlamaqdan ibarətdir. Əgər video və ya xəbər şübhəli görünürsə, onu digər etibarlı mənbələrdə axtarmalıyıq. Ən vacib məqam isə tələsməməkdir. Çünki dələduzluq hallarında istifadəçi adətən təcili qərar verdiyi üçün aldanır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin