Bakıda fəaliyyət göstərən bəzi apteklər müştəriyə ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün tələb olunan kassa çekini verməkdən boyun qaçırır.
Müştəri çeki tələb etdikdə isə aptekdəki satıcılar müxtəlif səbəblərlə özlərini haqlı çıxarmağa çalışır. Belə bir hal Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Ozon” aptekdə yaşanıb.
Belə ki, vətəndaşların bildirdiyinə görə, aptekdə edilən alışlar zamanı bəzi hallarda ƏDV ilə bağlı qaydalara əməl olunmur.
Bizim.Media-ya müraciət edən müştəri bildirib ki, sözügedən aptekdən təxminən 40 manatlıq dərman vasitəsi alıb.
Lakin ödənişdən sonra ona təqdim edilən qəbzdə ƏDV məbləği göstərilməyib. Alıcı bunun səbəbini soruşduqda aptek əməkdaşı dərmanlara endirim tətbiq olunduğunu və bu səbəbdən ƏDV-nin verilmədiyini bildirib.
Müştərinin sözlərinə görə bənzər hal sözügedən aptekdə bir neçə dəfə təkrarlanıb.
Məsələnin problemli tərəfi ondan ibarətdir ki, qüvvədə olan qanunvericiliyə görə, endirim tətbiq edilməsi ƏDV-nin hesablanmaması üçün əsas hesab olunmur.
Satış hansı məbləğ üzərindən həyata keçirilirsə, həmin məbləğə uyğun olaraq ƏDV mütləq şəkildə hesablanmalı və fiskal qəbzdə əks etdirilməlidir.
Məsələ ilə bağlı “Ozon Aptek” şəbəkəsi ilə əlaqə saxladıq.
Aptek əməkdaşları bütün müştərilərə ƏDV məbləği göstərilmiş qəbz verdiklərini israrla bildirdilər. Lakin redaksiyamıza təqdim olunan qəbzlərdə ƏDV qeyd olunmayıb. Bu fakt özü-özlüyündə sözügedən aptek şəbəkəsinin qanunvericiliyə əməl etmədiyini göstərir.
Məlumat üçün bildirək ki, Azərbaycanda aptek və digər ticarət obyektlərində alıcıya ƏDV (yəni kassa çeki / fiskal qəbz) təqdim etməmək qanun pozuntusu sayılır və bununla bağlı cərimələr İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.
Alıcıya kassa çeki (ƏDV qəbzi) verilmədikdə ilk dəfə pozuntuya görə obyekt sahibinə 1,000 manatdan 2,000 manatadək, təkrar pozuntuya görə (1 il ərzində) 2,000 manatdan 4,000 manatadək, daha ciddi və sistemli pozuntu hallarına görə isə 4,000 manatdan 6,000 manatadək cərimə nəzərdə tutulur.
Bizim.Media


































































































