Son illər idman qidaları və bioloji aktiv qida məhsullarına (BAQM) olan marağın əhəmiyyətli dərəcədə artması bu sahədə fəaliyyət göstərən sahibkarların məsuliyyətini daha da artırır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlara müraciət edərək bildirir ki, bu məhsulların istehsalı, idxalı və satışı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, xüsusilə sosial şəbəkələr üzərindən qeydiyyatsız və qanunsuz formada bu məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıdırlar.
Belə ki, Azərbaycanın gömrük ərazisinə idxal edilən və qida təhlükəsizliyi tələblərinə cavab verən idman qidaları və BAQM-lar mütləq agentlik tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır. BAQM-ların emalı və dövriyyəsinə yalnız agentlik tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra icazə verilir. Qeydiyyata alınmayan məhsulların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır.
Qeyd edək ki, sahibkarlar tərəfindən satışa çıxarılan məhsullar mənşəyi, tərkibi və təhlükəsizliyi ilə bağlı bütün zəruri sənədlərlə təmin olunmalı, etiketlənmə qaydalarına ciddi riayət edilməli və istehlakçıların yanlış məlumatlandırılmasının qarşısı alınmalıdır.
“Agentlik bu sahədə nəzarət tədbirlərini davam etdirir. Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanıb.
Bizim.Media





























































































