“Bakı Metropoliteni” tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni piyada keçidi tikilir.
Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd olunub ki, buna məqsəd sərnişin axınını daha rahat və təhlükəsiz təşkil etmək, həmçinin Qırmızı və Yaşıl xətlərin gələcək müstəqil fəaliyyətini təmin etməkdir.
Yeni keçid “Cəfər Cabbarlı” platformasına ən qısa çıxışı təmin edəcək, “28 May” stansiyasında sıxlığı azaldacaq, eyni zamanda yeni tədris mövsümünə qədər istifadəyə veriləcək.
Artıq “Cəfər Cabbarlı–Nizami” istiqamətində uzunluğu təxminən 200 metr olan tunelin tikintisinin ilk mərhələsi tamamlanıb. İşlər təhlükəsiz Yeni Avstriya üsulu ilə aparılır və nəqliyyatın hərəkətinə maneə yaratmır.
Layihə başa çatdıqdan sonra Qırmızı və Yaşıl xətlər tam ayrılacaq. Keçid yalnız “28 May – Cəfər Cabbarlı” üzərindən təmin olunacaq və metroda hərəkət daha sürətli və nizamlı olacaq.
Onu da qeyd edək ki, tunelin tikintisinin növbəti mərhələlərdə 11 ay ərzində tamamlanması planlaşdırılır.




Naibə Məmmədova, Vüqar Ağayev, Bizim.Media






























































































