Abşeronun torpaqsız qalan bələdiyyələri – ARAŞDIRMA

Hazırda oxunan: Abşeronun torpaqsız qalan bələdiyyələri – ARAŞDIRMA

605583

Bələdiyyələr yarandığı gündən bir çox məsələlərə görə tənqid hədəfinə çevriliblər. Xüsusilə də, torpaqların bələdiyyələr tərəfindən qanunsuz şəkildə satılması çox sayda problemlərin yaranmasına səbəb olub.

Məlum olduğu kimi, uzun illər bir çox bələdiyyələr qanunsuz şəkildə Bakıətrafı ərazilərdə torpaqları kimə gəldi satıblar.

Bələdiyyə qərarları ilə satılan on minlərlə torpaq sahəsinin sahibləri isə Dövlət Reyestrindən çıxarış ala bilmir. Çünki satılan torpaqların çoxu bələdiyyə mülkiyyətinə aid deyildi. Digər qisim torpaqlarsa perspektiv inkişaf təyinatlı yox, kənd təsərrüfatı təyinatlı torpaqlardır.

Nəzərə alaq ki, bələdiyyə torpaqları iki qisimə bölünür. Birinci hissə yerli əhalinin mənzil ehtiyaclarını ödəmək üçün perspektiv inkişaf torpaqlardır.

İkinici qisim torpaqlarsa bələdiyyənin və yerli sakinlərin məşğulluğu üçün nəzərdə tutulur. Bu torpaqlar satıla bilməz. Ən yaxşı halda həmin torpaqlar icarəyə verilə bilər.

Qeyd edək ki, bu cür qanunsuz formada satılmış torpaqlara Abşeron ərazisində daha çox rast gəlinir.

Bəs hazırda Abşeron rayonunun hansı bələdiyyəsində kənd təsərrüfatı təyinatlı torpaqlar var? Onlar hələ də satılırmı?

İlk müraciət etdiyimiz ünvan Saray bələdiyyəsi oldu. Bələdiyyədən Bizim.Media-ya bildirildi ki, hazırda onların balansında kənd təsərrüfatı təyinatlı boş ərazi yoxdur.

Digah bələdiyyəsinin sədri Vüqar Ələkbərov bildirib ki, hazırda bələdiyyənin sərəncamında nə kənd təsərrüfatı, nə də perspektiv inkişaf təyinatlı torpaqlar var:

“Vaxtında alan alıb, satan satıb. Hərdən yerli sakinlər mənzil tikintisi üçün bizə müraciət edir. Amma torpaq olmadığı üçün müraciətlər cavabsız qalır”.

Ceyranbatan bələdiyyəsinin sədri Cavanşir Zeynalovda açıqlamasında eyni faktı təkrarladı:

“Ceyranbatan bələdiyyəsinin istifadəsində nə kənd təsərrüfatı, nə də perspektiv inkişaf üçün torpaq var”.

Qobu bələdiyyəsindən də sorğumuza eyni cavabı aldıq.

Apardığımız qısa araşdırma zamanı məlum oldu ki, Abşeron rayonu ərazisindəki 10-dan artıq bələdiyyənin hazırda sərəncamında boş torpaq sahəsi yoxdur.

Nəzərə alaq ki, Abşeron kənd təsərrüfatı rayonudur. Belə bir rayonun ərazisində kənd təsərrüfatı və perspektiv inkişaf üçün torpaq sahələrinin olmaması ancaq təəssüf doğurur...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin