Əfsanəvi qəhrəmanlarla çiyin-çiyinə vuruşan igidin hekayəsi - FOTO

Hazırda oxunan: Əfsanəvi qəhrəmanlarla çiyin-çiyinə vuruşan igidin hekayəsi - FOTO

605204

2016-cı ilin aprel ayında baş verən və tariximizə şanlı Aprel döyüşləri kimi həkk olunan həmin günlər Azərbaycan xalqının gücünü, iradəsini və vətən sevgisini bütün dünyaya göstərdi. Bu döyüşlərdə ön cəbhədə olan igidlərimizdən biri də Elnur Mətləb oğlu Zəkəriyayev olub.

Elnur Zəkəriyayev Yevlax rayonunun Balçılı kəndində doğulub. Hərbi xidmətini başa vurduqdan sonra 2012-ci ildə Vətənə xidmət borcunu daha ləyaqətlə yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yollanıb və Silahlı Qüvvələrin sıralarında xidmətə başlayıb.

2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin kursuna qəbul olub.

O, 2016-cı il aprel ayında Ermənistan Silahlı Qüvvələrinin təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatlarında iştirak edib və ağır yaralanıb. 

Qazimiz keçdiyi həyat yolu haqqında Bizim.Media-ya danışıb:

"2016-cı ilin aprel ayının ilk günü idi. Xidmətdə olan zaman bizə tapşırıq verildi ki, hər an bütün təxribatlara hazır olmalıyıq. Çünki neçə gün idi ki, düşmən bir neçə mövqedən yaşayış məntəqələrini və dinc sakinləri atəşə tuturdu.  2016-cı ilin 1 aprelindən 2 aprelə keçən gecə düşmənin Tərtər rayonu Talış kəndi istiqamətində törətdiyi təxribatın qarşısını almaq məqsədilə hücum əməliyyatına başladıq.
 

İlk döyüşümüz Mübariz İbrahimov adına postdan Tərtərin Talışkənd istiqamətində hücuma keçdik. Həmin ərazidə düşmənin yerləşdiyi bir neçə mövqeləri ələ keçirdikdən sonra ayın 4-də Talışkənd yüksəkliyini tamamilə ələ keçirdik. 


Yoldaşlarım  ayrı istiqamətdə döyüşürdülər. Hər kəsin öz döyüş tapşırığı vardı və hamı öz istiqamətində irəliləyirdi. Bizim dəstədə isə" Murov qartalı" adlı polkovnik - leytenant  Rauf Orucov və kəşfiyyat rəisimiz, polkovnik Vüqar Yusifov ön sıralarda irəliləyirdi.

Hər iki əfsanəvi komandirlərin rəhbərliyi altında Tapqaraqoyunlu və Tərtər istiqamətində hücuma keçərək bir neçə düşmən postunu ələ keçirdik.

Qarşımızda Talış yüksəkliyi vardı – strateji cəhətdən çox vacib bir mövqe. Aprelin 4-də həmin yüksəkliyi də ələ keçirməyə nail olduq və bizə əlavə dəstək qüvvələri gəldi.

Elə həmin mövqedə şiddətli döyüşlər gedərkən mən qolumdan ağır yaralandım. Mənimlə birlikdə daha üç əsgər yoldaşım dərənin ortasında qaldıq. Düşmən mərmiləri aramsız olaraq üzərimizə yağırdı. Dördümüz də yaralı vəziyyətdə idik.

O an bir anlıq 1993-cü ildə döyüşlər zamanı itkin düşən dayım – Məmmədov Tərlan gözlərimin önünə gəldi. Düşünürdüm ki, bəlkə də mən də əsir düşəcəyəm...

Amma bizim peşəkar, igid və qəhrəman döyüşçü qardaşlarımız həyatlarını riskə ataraq bizi döyüş meydanından çıxardılar. Onların sayəsində biz xilas olduq.

4 aprel 2016-cı il tarixində səhər saatlarında Talış kəndi yüksəkliyi azad edildi. 
 

Həmin döyüşlər zamanı kəşfiyyat rəisimiz polkovnik Vüqar Yusifov və polkovnik-leytenant Raquf Orucov şəhid olmuşdu. Mən isə 4 aprel tarixində gedən döyüşlərdə yaralandım, ikinci qrup əlil oldum. 


Mənim üçün böyük bir fəxr idi ki, belə əfsanəvi qəhrəmanlarla çiyin-çiyinə vuruşaraq ən strateji əhəmiyyətli yüksəkliyi ələ keçirə bildik”.








Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin