Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri həyatını itirib, digər beş bacı-qardaş isə xəstəxanada qalır.
Bizim.Media xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin məlumatına görə, beş uşağın vəziyyəti stabildir.
Bildirilir ki, 2024-cü il təvəllüdlü qız uşağı aprelin 3-də saat 15:00-da dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilib. Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, o, aprelin 4-də səhər saat 05:10-da vəfat edib.
Meyit müayinə üçün aidiyyəti orqanlara təhvil verilib.
Məlumata görə, həmin uşaq daha əvvəl də - aprelin 1-də saat 18:10-da dəm qazından zəhərlənmə səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmiş, lakin aprelin 2-də yaxınlarının yazılı razılığı əsasında evə buraxılmışdı.
Digər beş uşaq isə həkim nəzarəti altında qalır, onların vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, aprelin 1-də Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində çoxuşaqlı ailənin altı üzvü dəm qazından zəhərlənmişdi.
Uşaqlar xəstəxanaya yerləşdirilmiş, daha sonra evə buraxılmışdılar.
Lakin 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnətin vəziyyəti sonradan qəfil ağırlaşıb və o, yenidən xəstəxanaya çatdırılıb.
Bizim.Media






























































































