Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH

Hazırda oxunan: Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH

604924

Bu günlərdə ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin fasadı kobud müdaxiləyə məruz qalıb.

Binanın fasadına boya ilə cızma-qara edilib, eybəcər şəkillər çəkilib. Bir sözlə paytaxt Bakının mərkəzində yerləşən ən gözəl binalardan birinə qarşı vandallıq aktı törədilib.

Daxili İşlər Nazirliyi həmin aktı törədən 4 yeniyetmə və gəncin şəxsiyyətini müəyyən edərək onların valideynlərinin də iştirakı ilə profilaktik iş aparmağa başlayıb. Şəxsiyyəti müəyyən edilən şəxslərdən ikisinin 16, birinin 17, birinin isə 20 yaşı var.

Şübhəsiz, baş verən hadisəyə lazımi hüquqi qiymət veriləcək, lakin burada memarlıq və mədəniyyət baxımından yanaşmanın da vacib olduğunu unutmaq olmaz.

XX əsrin yetmişinci illərində ABŞ-də yaranan qraffiti sənəti sonradan dünyanın bir çox ölkəsinə, xüsusilə qərb ölkələrinə yayılıb. Təbii ki, bu, qeyri-leqal bir məşğuliyyətdir, ancaq estetik baxımdan uğurlu nümunələri də olur.

Bakıda edilən isə daha çox qraffitinin Wild Style - "vəhşi üslub"una xarakterikdir və adından da göründüyü kimi, söhbət hansısa yaradıcı insanın özünü ifadə etməsindən deyil, adi vəhşilikdən, özbaşınalıqdan gedir.

Əgər biz bu davranışı ən yumşaq formada qraffiti kimi qiymətləndirsək belə, qeyd eləməliyik ki, Azərbaycanda nə müasir dövrdə, nə də ötən əsrlərdə adıçəkilən sənət sahəsi heç bir halda yayğın olmayıb.

Bir sözlə, qraffiti və bənzər küçə sənətləri Azərbaycanın sənət ənənələrinə və Bakının tarixi simasına tamamilə yaddır.

Azərbaycan paytaxtı həm müasir görünüşü, həm də tarixi memarlığı ilə dünyanın ən təmiz və baxımlı paytaxt şəhərlərindən biri hesab edilir. Əlbəttə ki, bu təmizlik və nizam şəhərin beynəlxalq imicinin də əsas tərkib hissələrindən biridir.



Ümumiyyətlə, memarlıq kontekstindən baxdıqda isə bu cür yazılar şəhərin ümumi görkəmini korlamaqla yanaşı, həm də mədəniyyət anlayışına hörmətsizlik kimi qiymətləndirilməlidir. Bakı hər birimizin şəhəri və yaşayış yeri olduğu kimi, onun memarlıq irsini qorumaq və bu səliqəni saxlamaq isə hər bir sakinin üzərinə düşən məsuliyyətdir.

Baş verən hadisəni törədən şəxslərin polis tərəfindən müəyyən edildiyini, onların 16-20 yaş kateqoriyasına aid olduqlarını qeyd etdik. Məlumdur ki, bu dövr gənclərin özünü təsdiq etmək, müstəqil davranmaq və sosial mühitdə fərqlənmək istəyinin ən pik dövrüdür.

Belə olan halda, aydın məsələdir ki, onlar çox vaxt emosiyalarının təsiri altında hərəkət edir, bunun hüquqi, eləcə də mənəvi nəticələrini dərk etməkdə çətinlik çəkirlər.

Beləcə, bu mərhələdə düzgün yönləndirmə və sosial nəzarətin zəif olması bu kimi zərərli davranışlara, hətta daha faciəvi nəticələrə yol aça bilir. Bu mənada, sözügedən davranışın ciddi tərbiyə boşluğundan qaynaqlandığını da demək mümkündür.

Dövrün internet əlçatanlığı, ağıllı mobil cihazlar, süni intellekt və digər bu əsasda olan texniki bolluq bu günün gənc nəsli üçün özünüinkişaf, texnologiyaya yiyələnmək və yaradıcılıqla məşğul olmaq üçün müxtəlif növ şərait yaradır.

Lakin, təəssüf ki, adlarını çəkdiyimiz texnoloji imkanlar həmçinin onlarda fikir qarışıqlığı, zərərverici meyillərin də formalaşmasına gətirib çıxara bilir.

Məhz belə məqamda valideyn nəzarəti, övladla mütəmadi dialoq birə beş vacibiyyət daşıyır. Bir sözlə, şəhərin mədəni görünüşünə elə, ya belə zərər vurmaq heç bir halda özünüifadə forması kimi qəbul edilə bilməz.



Valideynlər övladlarının texnoloji yeniliklərdən, onların təsiri ilə formalaşan davranışlarından hansı məqsədlə istifadə etməsinin birbaşa ailədaxili tərbiyə və nəzarətdən asılı olduğunu unutmamalı, bu istiqamətdə daimi nəzarəti gücləndirməlidir.

Gənclərin özünüifadə ehtiyacını milli-mənəvi dəyərlərimizə zidd olan, şəhərimizin tarixi simasına xələl gətirən vandal davranışlarla həyata keçirilməsi, əlbəttə, birbaşa valideyn məsuliyyətsizliyini qabardır. Yəni ən sadə dillə ifadə edəsi olsaq, valideyn övladının gecə saatlarında hara və niyə getdiyini, nə etdiyini, nə məqsədlə etdiyini bilməlidir. Bu, onun valideyn məsuliyyətidir.

Və nəhayətində, unutmaq olmaz ki, Bakının tarixi memarlıq irsini qorumaq hər bir şəhər sakininin mənəvi borcudur. Bu abidələr şəhərin beynəlxalq imicinin və milli kimliyimizin əsasını təşkil edir. Vandalizm hallarına qarşı həm hüquqi addımların atılması, həm də gənc nəsildə ictimai məsuliyyət hissinin formalaşdırılması Bakının tarixi simasının olduğu kimi gələcəyə ötürülməsi üçün əsas şərtdir.

Nizami Kino Mərkəzi bu nümunələrdən, sadəcə, biridir... (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin