Məlum olduğu kimi, Bakı şəhəri Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası bir qrup şəxs tərəfindən vandallığa məruz qalıb. Nəticədə binanın bir hissəsi eybəcər hala salınıb.
Təbii ki, bu da ictimai narazılığa səbəb olub. Çünki Nizami Kino Mərkəzi həm tarixi abidədir, həm də müasir incəsənət nümunələrinin təşviq edildiyi mədəniyyət mərkəzlərindən biridir. Belə bir məkana vulqar yanaşma narahatlığı daha da artırır.
MÖVZU İLƏ BAĞLI:
Nizami Kino Mərkəzinin binasına ciddi ziyan vuruldu – FOTO
Baş verənlər göstərir ki, bu işlə məşğul olanlar sənət yaratmaqdan daha çox diqqət cəlb etmək istəyiblər.
Ona görə də məkan olaraq paytaxtın ən hərəkətli küçələrindən biri və incəsənət adamlarının ən çox üz tutduğu bir ünvanı seçiblər.
Lakin bir qrup gəncin “sənət göstərmək” istəyi sonda cəmiyyət tərəfindən haqlı olaraq vandallıq nümunəsi kimi qəbul edilib. Çünki Nizami Kino Mərkəzi öz görünüşü ilə göz oxşayan memarlıq nümunəsidir. Kamil bir sənət əsərinə edilən müdaxilə isə bütün hallarda iyrənc görünür. Necə ki, ötən gecə baş verənlərdən sonra bu ünvandan keçən insanlar gördüklərindən təsirlənir və heyifsilənirlər.
Axı tarixi abidələr həm də bizim milli kimliyimizdir.
Milli kimliyə edilən müdaxilə təbii ki, vandallıqdır. Bu cür yazılar paytaxtın hansısa köhnə, baxımsız bir divarına həkk edilsəydi, bəlkə də bu qədər hiddət doğurmazdı.

Amma müasir tələblər səviyyəsində yenidən qurulan və nadir abidələrimizdən biri olan Nizami Kino Mərkəzinə edilən bu müdaxilə ancaq hiddət və təəssüf doğurur. Ən acınacaqlısı isə odur ki, bəzi gənclər vulqar və vandal hərəkətləri özləri üçün sənət nümunəsi hesab edirlər.
Qraffiti və dünya təcrübəsi
Qraffiti divarlarda və digər yerlərdə rəsm, şəkillər, yazılar, cızılmış, yazlmış, mürəkkəblə və ya rənglə çəkilmiş sənət əsərləridir.
Qədim Misirdə divar və qayalarda əks edilmiş şəkil və yazılardan ibarət izlər graffitinin ilk addımları sayılır. Ancaq ümumi inkişafı İkinci Dünya müharibəsinin əvvəlinə, yəni 1940-cı illərə təsadüf edir. Həmin vaxtlarda Almaniyanın Şərq və Qərb hissəsinə bölən Berlin divarlarının hər iki tərəfi rənglənərək yazılarla bəzədilmişdi.
Sonralar 1960-cı illərdə ABŞ-də gənclərdən ibarət olan cinayətkar qruplar arasında qraffiti ənənə halını aldı. Daha sonra dünyanın digər ölkələrində də küçə həyatına, cinayətkar qruplara meyilli gənclər bu mənfi ənənəni davam etdirdilər. Məhz bu səbəbdən dolayı qraffiti heç vaxt böyük rəğbət və maraq qazanmayıb.

Digər tərəfdən, qraffiti bir çox hallarda binaların, xüsusilə də tarixi abidələrin görkəminə, ümumilikdə şəhər arxitekturasına ciddi zərbə vurub. Dünyanın bütün ölkələrində qanunvericilik səviyyəsində qadağaların olması da məhz bununla əlaqədardır.
Azərbaycanda qraffiti nə zaman gəlib?
Qeyd edək ki, qraffitinin ölkəmizdə tətbiq tarixi heç də uzun deyil. Müstəqilliyimizin ikinci onilliyində ölkəmizə gələn qraffiti ilə tək-tək, eləcə də, qrup halında fəaliyyət göstərən gənclər icra ediblər. Azərbaycanda qraffiti “sənət”inə olan münasibət əsasən mənfidir. Çünki bu sənət mədəniyyətimizə, dəyərlərimizə birbaşa ziddiyyət təşkil edir.
Zaman-zaman paytaxtın müxtəlif ünvanlarında nəzərə çarpan qraffiti nümunələri bir qayda olaraq ictimai qınaqla qarşılanıb. Sonuncu dəfə, 2019-cu ildə Azərbaycanda gender bərabərliyininə həsr olunmuş "Qız qalası: Qadın olmaq" festivalı çərçivəsində İsveç qraffiti sənətçisi Karolina Falkholt tərəfindən çəkilmiş çılpaq qadın qraffitisi mübahisələrə və sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. Sonda yerli sakinlərin etirazından sonra həmin qraffiti silinmişdi.
Özünə hörmət yaşadığın ünvana qayğıdan keçir.
Bu gün Bakı təkcə çoxlarımızın yaşayış ünvanı deyil. Bakı bizim dünənimiz, bugünümüz və gələcəyimizdir. Paytaxtımız qədimliyi ilə yanaşı müasir görünüşü ilə hər bir qonağı heyran edir və bizləri qüurlandırır. Son 20 ildə aparılan quruculuq və abadlıq işləri isə Bakını daha gözəl və füsunkar şəhərə çevirib.

Təbii ki, görülən bu işlərə dövlət tərəfindən böyük vəsait xərclənir. Bu xərclərsə son nəticədə hər birimizin sosial həyat şəraitinin yaxşılaşmasına, zövqümüzün və həyatımızın zənginləşməsinə xidmət edir. Aparılan məqsədyönlü abadlıq və quruculuq hesabına Bakı dünyanın ən gözəl şəhərləri ilə siyahısında özünə yer qazanıb. Paytaxtımız təkcə gözəlliklər məskəni deyil. Bu gün Bakı həm də dünyada tarix və müasirliyin bir arada olduğu unikal şəhərlərdəndir.
Ona görə də yaradılmış bu füsunkarlığı qorumaq hər birimizin vətəndaşlıq borcudur. Hər gün keçdiyimiz küçələrin, yaşadığımız binaların təmizliyinə diqqət eləmək bizlər üçün başlıca amal olmalıdır.
Üstəlik, xaricdən gələn mənfi cərəyanların paytaxt küçələrində təzahür etməsinə hər kəs öz prinsipial mövqeyini bildirməlidir. O cümlədən də qraffiti kimi vulqar sənət nümunələrinin binaların divarlarına yol almasına qarşı hər kəs mübariz olmalıdır. Çünki bu cür “sənət” adı altında təqdim edilən vandallıq nümunələri elə sona qədər də mədəniyyətimizə, gündəlik həyatımıza və şəhərimizə hər zaman yamaq kimi görünəcək.
Valideyn məsuliyyətinin önəmi
Bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Hər bir valideyn çalışmalıdır ki, övladları milli ruhda, vətənpərvər böyüsün. Ən əsası, övladlarımızı xarici, milli mədəniyyətimizə zidd təsirlərdən qorumalıyıq. Çünki bu cür cərəyanlar təkcə gənclərimizin zövqünü korlamır, həm də həyatlarını mənfiyə doğru dəyişdirir. Son nəticədə belə gənclər qanun pozucusuna, bəzənsə cinayətkara çevrilirlər.
Ona görə də valideynlər övladlarına estetik zövq, məsuliyyət və ictimai mülkiyyətə hörmət kimi dəyərləri aşılamağa borcludurlar.
Qeyd edək ki, Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.
Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir. Məsələ ilə bağlı cinayət işi açılıb.

Bizim.Media


































































































