Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 941:2023 "Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər" dövlət standartını ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.
Məlumata görə, Vergi Məcəlləsində, "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə 30 dekabr 2025-ci il tarixli qanunun tətbiqi ilə bağlı elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi aprelin 1-dən qadağan edilib.
Bununla əlaqədar, AZS 941:2023 "Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər" dövlət standartının ləğvi Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bazasında təsis edilən "Toxum-əkin materialları, tütün və tütün məmulatları, qeyri-ənənəvi qida məhsullarının yem bitkiləri" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 27) müzakirə edilib.
Nəticədə, AZSTAND sözügedən dövlət standartını Standartlaşdırma üzrə normativ sənədlərin dövlət reyestrindən və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondundan çıxarıb.
Bizim.Media

































































































