Son illər sağlam həyat tərzinə marağın çoxalması fonunda idman qidalarına və bioloji aktiv qida məhsullarına (BAQM) olan tələbat əhəmiyyətli dərəcədə artıb. Sosial şəbəkələr və onlayn platformalarda həmin məhsulların təbliği isə istehlakçı marağının daha da genişlənməsinə səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, bir çox hallarda istehlakçılar bu məhsulların təsir mexanizmi, potensial faydaları və tətbiq sahələri barədə kifayət qədər məlumatlı olmadan istifadə edirlər.
Halbuki bu cür məhsulların qəbulundan əvvəl tərkibi, təyinatı, istifadə qaydası və dozası, mümkün yan təsirləri və əks göstərişləri haqqında ətraflı məlumatın əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Əks halda, bu, bir sıra sağlamlıq risklərinə səbəb ola bilər. Həmin risklərə ürək-damar sisteminə mənfi təsirlər, hormonal balansın pozulması, məhsulun tərkibində bəyan edilməmiş və ya icazə verilməyən maddələrin mövcudluğu ilə əlaqədar toksik təsirlər, eləcə də allergik reaksiyalar və həzm sistemi pozğunluqları aid edilə bilər. Eyni zamanda, məhsulun istifadəsinin fərdin sağlamlıq vəziyyəti ilə uyğunluğu mütləq nəzərə alınmalıdır.
Qeyd edək ki, idman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Bununla yanaşı, məhsulun etiket məlumatlarına, istifadə təlimatlarına diqqət yetirilməsi və yalnız dövlət nəzarətində fəaliyyət göstərən satış subyektlərindən alınması zəruridir.
“İstehlakçıları idman qidalarını və BAQM-ları əldə edərkən dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırırıq. Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir, istehlakçıların sağlamlığının qorunması, keyfiyyətsiz və təhlükəli məhsulların dövriyyəsinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”,- deyə məlumatda vurğulanır.
Bizim.Media
































































































