Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Hazırda oxunan: Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

604286

“Collabra: Psychology” elmi jurnalında dərc olunan son araşdırma göstərib ki, ağlamaq hər zaman emosional yüngüllük gətirmir. Alimlər belə nəticəyə gəliblər ki, göz yaşlarının əhvala təsiri əsasən ağlamağa səbəb olan səbəbdən və yaşanan vəziyyətin kontekstindən asılıdır.

Bizim.Media xəbər verir ki, tədqiqat müəllifləri qeyd ediblər ki, “doyunca ağladıqdan” sonra dərhal özünü daha yaxşı hiss etmək barədə yayılmış fikir elmi təsdiqini tapmayıb. 
 

Emosional təsirin qısamüddətli olduğu və şəraitdən asılı olaraq ciddi şəkildə dəyişdiyi müəyyən edilib.


Araşdırma təbii şəraitdə aparılıb: alimlər Avstriya və Almaniyadan olan 106 yetkin şəxsi dörd həftə ərzində müşahidə ediblər. İştirakçılar smartfon tətbiqi vasitəsilə ağlama epizodlarını qeyd edərək səbəbi, intensivliyi və müddəti, həmçinin göz yaşlarından dərhal və ya 15, 30 və 60 dəqiqə sonra emosional vəziyyətlərini göstəriblər. Bundan əlavə, unudulan halları qaçırmamaq üçün vəziyyəti anketlərlə dəyərləndiriblər. 

Nəticələrə görə, iştirakçıların 87%-i tədqiqat müddətində ən azı bir dəfə ağlayıb. Orta hesabla insanlar dörd həftə ərzində təxminən beş dəfə ağlayıblar. Ümumilikdə 600-dən çox epizod qeydə alınıb və onların bir hissəsi yalnız axşam xatırlanıb.

Qadınlar kişilərdən daha tez-tez ağlayıblar: ayda təxminən altı dəfə, kişilərdə isə bu göstərici üçdən az olub. Həmçinin qadınların ağlaması daha uzunmüddətli və intensiv olub. Ağlama səbəbləri də fərqlənib: qadınlar daha çox tənhalıq və ya münaqişələrə görə, kişilər isə acizlik hissi və ya media məzmununun təsiri ilə ağlayıblar.

Ümumilikdə göz yaşlarının ən yayılmış səbəbi media məzmununun (filmlər və digər emosional materialların) izlənməsi olub. Ən uzun və intensiv epizodlar isə həddindən artıq yüklənmə və ya tənhalıq səbəbilə ağlayanlarda müşahidə edilib — belə hallar orta hesabla 11–13 dəqiqə davam edib. 

Alimlər müəyyən ediblər ki, şəxsi problemlərdən qaynaqlanan ağlama əksər hallarda mənfi emosiyaları gücləndirir və müsbət emosiyaları azaldır. Bəzi hallarda əhvalın pisləşməsi hətta bir saat sonra da davam edib. Üstəlik, bu cür hallar günün sonuna qədər ümumi emosional vəziyyəti pisləşdirə bilər, baxmayaraq ki, növbəti səhərə qədər göstəricilər adətən normaya qayıdır.

Fərqli mənzərə isə göz yaşlarının səbəbi film və ya digər media məzmunu olduqda müşahidə edilib.
 

Bu halda mənfi emosiyalar bir saat ərzində tədricən azalır ki, bu da belə ağlamanın sakitləşdirici təsir göstərə biləcəyini göstərir. Harmoniya anları (məsələn, yaxşı bir hərəkət və ya güclü emosional təcrübə) səbəbilə yaranan göz yaşları 15 dəqiqə sonra mənfi emosiyaların azalmasına gətirib çıxarıb. Acizlik hissindən doğan ağlama isə müsbət emosiyaların kəskin azalmasına səbəb olsa da, bərpa daha sürətli — təxminən 15 dəqiqə ərzində baş verib.


Tədqiqat müəllifləri vurğulayıblar ki, bu işin məhdudiyyətləri var, çünki nəticələr iştirakçıların öz hesabatlarına əsaslanır.

Bundan əlavə, alimlər güclü emosiyaları göz yaşı olmadan yaşayan insanların vəziyyətini müqayisə etməyiblər, buna görə də əhval dəyişikliklərinin məhz ağlamadan qaynaqlandığını dəqiq demək mümkün deyil.

Bununla belə, araşdırma göstərib ki, ağlama universal rahatlama üsulu deyil və göz yaşlarının səbəbindən asılı olaraq həm sakitləşdirə, həm də stressi artıra bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin