“1993-cü ilin mart ayının 31-də ermənilər Kəlbəcərə hücum edəndə biz aralarında qadın da, uşaq da, yaşlı da olmaqla 21 nəfər kənd sakini “Kamaz”ın üstündə Gəncəyə qaçmağa çalışırdıq. Hamısı qohumlar idi. O zaman artıq rayonda atəş səsləri gəlirdi, deyirdilər ki, ermənilər hamını gülləbaran edirdi. Biz həmin bu dəhşətli hadisələrə şahidlik edən tunelə çatanda ermənilər bizim maşına da atəş açmağa başladılar. Bizdən qabaq da qonşu kənddən olan "Qaz 53" yük avtomobilini gülləbaran etmişdilər. Təxminən 3 saat atışma davam etdi”.
Bu sözləri Bizim.Media-nın yerli bürosuna açıqlamasında Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən əsir götürülən Çorman kənd sakini, Azər Cəlil oğlu Quliyev deyib.
Onun sözlərinə görə, həmin vaxt “Kamaz” da 21 nəfər arasında onunla birgə 3 qardaşı və iki bacısı olub:
“Maşında bizim ailədən 6 nəfər var idi. Mənimlə bərabər iki qardaşım və bir bacımı ermənilər əsir götürdülər. O biri iki qardaşımız və bacımızdan isə bu gün də xəbər yoxdur. Onlar həmin vaxt itkin düşdülər. Biz 3 ay əsirlikdə qaldıqdan sonra Qırmızı Xaç cəmiyyətinin xətti ilə bizi dəyişdilər. Amma qardaşlarım və bacımızdan bu gün də bir xəbər yoxdur” deyə o günlərin canlı şahidi əlavə edib.
Azər Quliyev o dəhşət dolu günləri böyük acı ilə xatırlayır:
“Bilirsiniz, o günləri bu gün yada salmaq belə çox ağrılıdır. Həmin gün bizdən başqa daha 4 maşını da ermənilər həmin tuneldə gülləbaran etdilər. Onların arasında ölənlər də oldu, əsir götürülənlər də. Təkcə biz gəldiyimiz maşında 21 nəfərdən 14 nəfəri elə oradaca şəhid oldu, mən də daxil olmaqla 7 nəfəri isə əsir götürmüşdülər”, - deyə Quliyev əlavə edib.
Əsirlikdə olduqları günləri xatırlayanda Azər Quliyevin gözləri doldu. O 3 ayı yaşadıqları dəhşəti heç yada salmaq istəmir:
“Əsirlikdə bizə çox zülm etdilər. Hər gün bizi döyürdülər, işgəncələr verirdilər. Yanımızda bizim əsgərləri, bizim soydaşlarımıza olmazın dəhşətini yaşadırdılar. Qırmızı Xaç Cəmiyyəti bizi qeydiyyata aldıqdan sonra vəziyyət bir az dəyişdi”.
Bütün çəkdikləri zülmə, yaşadıqları işgəncələrə baxmayaraq Azər Quliyev hazırda çox qürurludur:
“Mən də, doğma torpaqlarından didərgin düşən bütün qaçqın və məcburi köçkünlər də Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza, canı-qanı bahasına torpaqlarımız azad edən şəhidlərimizə minnətdarıq. Hazırda torpaqlarımız azaddır. İstədiyimiz vaxt doğma kəndimizə gedib-gələ bilirik. Şəhidlərimizin, doğmalarımızın qəbirlərini ziyarət edə bilirik. Bu gün Kəlbəcər də daxil olmaqla bütün işğaldan azad olunan torpaqlarımızda, Qarabağımızda quruculuq-abadlıq işləri gedir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında hamımız öz doğma yurdlarımıza qayıdacağıq” deyə Azər Quliyev əlavə edib.



Məqsəd Rəhimov Bizim. Media Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
19:00 / 31.03.2026
Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO
Hazırda oxunan: Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO
Hazırda oxunan: Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO
604268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































