Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

Hazırda oxunan: Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

604219

Qax rayonunda qida təhlükəsizliyi ilə bağlı narahatedici hadisə baş verib.

Bizim.Media xəbər verir ki, rayon sakini Svetlana Mahsimova Qaxdakı un məmulatları mağazasından Gəncə Dəyirman MMC-yə məxsus “Mihriban” un kisəsi alıb.

Kisəni evdə açarkən içərisindən yad cism çıxıb. Qadının iddiasına görə un kisəsindən çıxan siçovulun quyruğudur:

“Çörəyi evdə bişirirəm deyə, unu kisə ilə alıram. Qaxın un məmulatları dükanından 50 kiloqramlıq un kisəsi aldım. Məhsul bağlı idi. Açıb bir hissə götürdüm və ələdim. Növbəti dəfə götürəndə əlimə nəsə toxundu. Ürpədici göründüyü üçün salfetlə götürdüm. Diqqətlə baxanda şoka düşdüm. Siçovulun qurumuş quyruğu idi. İyrəndim, ürəyim bulandı və halsızlaşdım”.

Onun sözlərinə görə, məsələ ilə bağlı məhsulu aldıqları mağazaya müraciət edilib və aşkar olunan yad cism dükan sahibinə təqdim olunub.

Bildirilib ki, məsələ ilə bağlı həm istehsalçı müəssisəyə, həm də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət ediləcək.

Şikayətçi əlavə edib ki, un kisəsinin üzərində qeyd olunan nömrələr vasitəsilə zavodla da əlaqə saxlayıblar:

“Un kisəsinin üzərindəki nömrələrə yığdıq. Zavoddan bildirdilər ki, belə bir halın baş verməsi mümkünsüzdür. Mən özüm də bu vəziyyətə təəccüblü qalmışam. Axı nə qədər insan undan istifadə edir. Ona görə mediaya müraciət etdim ki, insanlar diqqətli olsunlar”.

Məsələ ilə bağlı Gəncə Dəyirman MMC-nin direktoru Məhəmməd Ərsoy isə iddiaları qəbul etməyib:

“Bizdə elə bir şey olması imkansızdı. Texnoloji proses buna imkan vermir. Mihriban unu bizim markamızdı və bizdə qablaşdırılır. Mən satıram Əliyə, Əli də Vəliyə... Vəlinin anbarında gedib bulaşıbsa, nə edə bilərəm? Mən nə bilim ki, o harda olub? Bəlkə şantajdı? AQTA-ya müraciət olunubsa, gəlib yoxlasınlar, cavab verək”, - deyə Gəncə Dəyirman MMC-nin direktoru qeyd edib.

AQTA-nın şöbə müdiri İlkin Kərimov isə məsələnin nəzarətə götürüldüyünü və araşdırılacağını bildirib.

Mövzunu diqqətdə saxlayacağıq...


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin