Azərbaycan hava limanları yanvar ayında 300 minə yaxın sərnişinə xidmət göstərib.
Bizim.Media Heydər Əliyev Hava Limanına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar ayında Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin axını 290 min nəfər təşkil edib.
Bu göstərici 2021-ci ilin yanvar ayının statistikasını dörd dəfədən çox üstələyib. COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılması, həmçinin Azərbaycanın hava sərhədlərini açdığı ölkələrin sayının artması müsbət tendensiyaya səbəb oldu. Lakin, sərnişin axını pandemiyadan əvvəl, 2020-ci ilin yanvar ayının nəticəsindən aşağı olaraq qalır və qeyd olunan dövrdə 395 min nəfər təşkil edib.
Ümumi sərnişin sayından 233 min sərnişin (ümumi sərnişin axınının 80 %-i) Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb.
Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” 91 min və 28 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq sərnişin axınının 39,1 %-ni və 12,1 %-ni təşkil edir.
Ötən ay 23 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata keçirib.
Bizim.Media