Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Hazırda oxunan: Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

604132

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Mayıl Bəşirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Tərtər Rayon Məhkəməsinin hökmü apellyasiya şikayətinə və amnistiya aktına görə dəyişdirilib və ona şərti cəza verilib.
 

Mayıl Bəşirov “Konstutisiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.12, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən ona Cinayət Məclləsinin 221.3-cü maddəsi ilə 1 il sınaq müddəti ilə şərti təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad olunub.



Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalında həbsdən dərhal azad olunub.

İttihama görə, hadisə 07 mart 2025-ci il tarixdə, saat 21 radələrində Tərtər rayonunun Seydimli kəndi ərazisində çayxanada baş verib.

Belə ki, Mayıl Bəşirov sərxoş vəziyyətdə çayxanaya gələrək heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə qarşı açıq hörmətsizlik nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verib.

O, yüksək səslə nalayiq ifadələr işlədərək insanların istirahət hüququnu pozub və ətrafdakılara qarşı aqressiv davranış sərgiləyib.

Hadisənin gedişində təqsirləndirilən şəxs zərərçəkmiş Sahib Hacıyevlə (adı, soyadı şərtidir) mübahisəyə girərək onunla əlbəyaxa olub.

Bu zaman o, çayxananın daxilində yerləşən əşyalara da zərər vuraraq zərərçəkmiş Fərrux Kərimov (adı, soyadı şərtidir) tərəfindən icarə əsasında istifadə olunan obyektə məxsus 16 ədəd stəkanı və 4 ədəd çayniki qəsdən sındırıb.

 

Bununla kifayətlənməyən Mayıl çayxananın qarşısına çıxaraq yerdən götürdüyü ağac parçasını silah qismində istifadə edib və zərərçəkmiş Sahibə məxsus “VAZ-2107” markalı avtomobilin ön alın şüşəsini sındırıb.



Hadisələrin davamı olaraq o, Sahibin evinin qarşısına gedərək nalayiq ifadələr işlətməyə davam edib.

Zərərçəkmiş şəxs küçəyə çıxdıqdan sonra isə Mayıl özü ilə əvvəlcədən gətirdiyi, istintaqa dəqiq məlum olmayan əşya ilə onun üz nahiyəsinə qəsdən zərbə endirərək Sahibə xəsarət yetirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

Hadisə nəticəsində o, Sahibə məxsus avtomobilə 60 manat, kafenin istifadəçisi olan Fərruxa isə 24 manat məbləğində maddi ziyan vurub.

Tərtər Rayon Məhkəməsinin hökmü ilə Mayıl Bəşirov törətdiyi əməldə təqsirli bilinərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs olunmuşdu. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin