Texnologiya dünyasında, xüsusilə RAM qiymətlərinin artması və tədarük zəncirindəki sıxıntılar, kompüter alıcılarını alternativ həllər axtarmağa məcbur edir.
Əsas komponentlərin istehsalının azalması yeni cihazların qiymətini yüksəldərkən, “yenilənmiş” kompüter bazarı heç olmadığı qədər hərəkətli bir dövrə qədəm qoyub.
Avropanın böyük ölkələrinin son məlumatları göstərir ki, istehlakçılar artıq yalnız qutusu açılmamış məhsullara yox, ikinci şans verilmiş keyfiyyətli cihazlara da yönəlir.
Bazar təhlil şirkəti “Context”in hesablamalarına görə, İngiltərə, Almaniya, Fransa, İspaniya və İtaliya kimi böyük bazarlarda yenilənmiş kompüter satışları keçən ilin son rübündə 7% artıb.
Bu artımın əsas səbəbi əlbəttə ki, büdcəyə uyğun seçimlərdir.
Yenilənmiş noutbuk alanların təxminən 40%-i 200–300 avro aralığında olan münasib qiymətli modelləri seçir. Lakin bazar yalnız ən ucuz məhsullarla məhdudlaşmır; 300–400 avro aralığındakı satışların bir ildə 15%-dən 23%-ə yüksəlməsi, istifadəçilərin daha yaxşı performans üçün büdcələrini genişləndirdiyini göstərir.
Avropada bu dəyişiklikdə İngiltərə sürətlə önə çıxaraq bölgənin ən böyük bazarı olub. 2025-ci il ərzində satış həcmini təxminən iki dəfə artıran ada ölkəsi, uzun müddət lider olan Almaniyanı geridə qoyub.
Analitiklər bunu “ikinci əl texnologiyanın əsas axına daxil olması” kimi qiymətləndirir. Yeni cihaz bazarındakı qeyri-müəyyənlik və yüksələn qiymətlər qarşısında yenilənmiş məhsullar həm pərakəndəçilər, həm də son istifadəçilər üçün ağıllı çıxış yolu olub.
Bu marağın yeganə səbəbi iqtisadi çətinliklər deyil.
Süni intellekt əsaslı məlumat mərkəzlərinə öncəlik verən çip istehsalçılarının standart kompüter hissələrinin istehsalını geri plana atmaları, sıfır cihaz tapmağı çətinləşdirir. Digər tərəfdən, 2026-cı ilin iyulunda qüvvəyə minəcək Avropa İttifaqının “Təmir Hüququ” qanunu kimi tənzimləmələr, ehtiyat hissələrə çıxışı və təmir imkanlarını artıraraq bu bazarı daha da canlandıra bilər.
Ətraf mühit şüurunun artması da bu dönüşümdə kritik rol oynayır. Birləşmiş Millətlər Təşkilatının hesabatları göstərir ki, dünyadakı elektron tullantılar, geri dönüşüm sürətindən beş dəfə sürətlə artır.
Avropada isə istehlakçıların yalnız üçdə biri köhnə telefon və kompüterlərini geri dönüşüm sisteminə daxil edir. Bu, yenilənmiş cihaz təklifinin qarşısındakı ən böyük maneə olaraq qalır, amma Avropa kompüter bazarının strukturu davamlı dəyişməyə doğru açılır.
Bəs, bu tendensiya Azərbaycan bazarına necə sirayət edir?
Məsələ ilə bağlı ölkəmizdə fəaliyyət göstərən “Qutlet” mağazalar şəbəkəsinə müraciət etdik. Şəbəkədən Bizim.Media-ya bildirildi ki, son zamanlar “ikinci əl” kompüterlərə maraq artıb:
“Bunun da əsas səbəbi yeni kompüterlərin kifayət qədər baha olmasıdır. Lakin “ikinci əl” kompüterlər yenisindən ən azı 3-4 dəfə ucuzdur. Üstəlik bizim mağazalarda satılan “ikinci əl” kompüterlərə 1 il zəmanət verilir. Təbii ki, bu da müştəriləri həvəsləndirir. Ümumiyyətlə, həm Bakıda, həm digər iri şəhərlərdə son zamanlar “ikinci əl” kompüterlərin satışını həyata keçirən mağazaların sayının artması müşahidə olunur”.
Surxay Atakişiyev, Bizim.Media





























































































