Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

Hazırda oxunan: Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

603004

Bir zamanlar Bakı bulvarı qağayılarla və yelkənli qayıqlarla dolu idi. Bu mənzərə paytaxt sakinləri və qonaqlar üçün unudulmaz bir ovqat yaradırdı. Lakin zamanla qağayılar azaldı, yelkənli qayıqlar yoxa çıxdı. Halbuki yelkənli qayıqlar hazırkı vəziyyətdə Bakı bulvarını turizm baxımından çox maraqlı və cəlbedici  edə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, Bakı buxtasından turizm məqsədi ilə daha geniş şəkildə istifadə etmək olar:

“Bakı küləyindən faydalanaraq buxtada vaxtilə yelkənlərdən geniş şəkildə istifadə olunurdu. Bu ənənənin bərpası buxtanı paytaxt sakinləri və turistlər üçün çox cəlbedici edə bilər. Dəniz faktoru dünya turizmində aparıcı yer tutur. Turistlər üçün dəniz sularından istifadə edilərək müxtəlif əyləncəli proqramlar və gəzintilər təşkil edilir. 

Amma bizdə dəniz ancaq çimərlik anlamı daşıyır. Adətən turistlər bir yerə səfər edərkən vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət edirlər. Qeyd etmək lazımdır ki, ölkəmizdə həyata keçirilən strateji turizm xəritəsində Xəzər dənizinin imkanlarından daha çox faydalanmaq hədəflənib. Yəqin ki, bu strategiyanın icrası zamanı Bakı buxtasının imkanlarından da istifadə olunacaq”.

Müsahibimiz hesab edir ki, yaxın gələcəkdə buxtada xırda ölçülü gəmilərin imkanlarından istifadə etməklə çox sayda turistin marağını bura cəlb edə bilərik:
 

“Yelkənli qayıqlar turistlər baxımından cəlbedici olduğu qədər qayıqların iştirakı ilə təşkil olunan şou və yarışlar paytaxt sakinləri üçün unudulmaz mənzərə yaradar. Xırda ölçülü gəmilərdə bir neçə saatlıq gəzinti təşkil eləmək olar. Gəzinti zamanı milli geyimdə olan şou əhli turistlərə yaddaqalan anlar bəxş edər, təklif olunan milli xörəklər hər kəsdə məmnunluq doğurar.


Bunu reallaşdırmaq o qədər də çətin deyil. Məlumdur ki, yerli şirkətlər turistlər üçün müəyyən proqram tərtib edirlər. Həmin proqrama buxta ilə bağlı yenilik əlavə edilərsə, bu həm şirkətlər, həm də turistlər üçün çox maraqlı olar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin